“Bizdən məcburi lift pulu yığırlar”- Günəşli sakinlərindən ŞİKAYƏT-FOTO
    • 23-06-2020, 16:12
    • 765

“Bizdən məcburi lift pulu yığırlar”- Günəşli sakinlərindən ŞİKAYƏT-FOTO

“Yeni Günəşli "V" massivi, üçüncü bina, ikinci blokda yaşayırıq. Pandemiya vaxtı bizdən məcburi lift üçün pul yığırlar. Cənab Prezident İlham Əliyev göstəriş verib ki, liftlər dəyişilsin. Nəyə görə biz pul verməliyik?” 

News24.az-a daxil olan növbəti şikayətdə bina sakinləri problemin həll olunmasını xahiş edirlər: “Deyirlər,  pul verməlisiz, yoxsa lift işləməyəcək. Yayın günü liftsiz biz nə edərik?!”

Məsələ ilə bağlı  “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovla əlaqə saxladıq. O, News24.az-a açıqlamasında bildirib ki, bu idarənin elanı deyil: “Bunu bizim idarənin adından yazıblar. Biz məsələni araşdıracağıq. Bütün binaları avadanlıqla təmir edirik. Tapşırıq vermişik ki,  camaatdan qəti şəkildə pul yığılmasın”.  

X.Ələkbərov onu da əlavə edib ki, ötən il əksər binalarda liftlər dəyişdirilib: “Bu il  də dəyişdirilməsi nəzərdə tutulan ünvanlar var, onlar mərhələli şəkildə həyata keçirilir. O ki qaldı bu məsələyə, mütləq araşdıracağıq”.


Afaq Mirayiq