“Mədəni-ideoloji islahatlar qaçılmazdır” - Ramil Qasımov - VİDEO
    • 25-06-2020, 16:18
    • 864

“Mədəni-ideoloji islahatlar qaçılmazdır” - Ramil Qasımov - VİDEO

“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımovun müsahibəsi:

- Ramil bəy, bu gün gündəmdə olan məsələlərdən biri mədəniyyətimizlə bağlıdır. “Mədəniyyət” kanalının direktoru kimi Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi haqqında nə düşünürsünüz?

- Hər bir ölkənin mədəniyyəti onun vizit kartıdır. Əgər xalq mədəniyyəti qoruyarsa, mədəniyyət xalqı ucaldar. Bizim Azərbaycan mədəniyyətinin tarixi zəngin köklərə malikdir. 

Ölkə rəhbərliyi tərəfindən, bu gün mədəniyyətimizin dünyada tanınması istiqamətində böyük işlər görülür.

- Yeni incəsənət mərkəzlərini, onların fəaliyyətini necə görürsüz ?

- Düşünürəm ki, ölkəmizdə mədəniyyətimizin inkişafı üçün bu gün yeni mədəni ideoloji islahatlara ehtiyac var. Arzuolunan məsələlərdən biri də Azərbaycanda prodüserlik mərkəzlərinin yaradılmasıdır. Bu tip mərkəzlərin əsas missiyası yeni gənc istedadlı şəxsləri üzə çıxarmaq, repertuar siyasətini təmin etmək, imicini formalaşdırmaqdır. Mədəniyyətimizdə sovet dönəmindən qalan baxışları dəyişdirməliyik. Dünya müəllif hüquqları çərçivəsində Musiqi portalının yaradılması, Not muzeyi, arxivi, Milli Parkda açıq səma teatrı, musiqi məktəblərinin Uşaq incəsənət mərkəzləri ilə əvəz olunması zənnimcə, müasir, kreativ bir addım olardı.

- Tamaşaçının teatra marağını artırmaq, milli teatrımızın yeni inkişaf mərhələsini  başlatmaq üçün hansı addımlar atılmalıdır?

- Teatr müəssisələrinə rəhbərlik edən şəxslər rəhbər-işçi münasibətlərini sağlam qurmalıdır. Eyni zamanda, müasir teatr təfəkkürünü yaratmaq üçün dünya təcrübəsindən istifadə etmək lazımdır. Deyirlər ki, libretto yazanlar yoxdur. Səhv fikirdir, var. Sadəcə onlara sifariş vermək lazımdır. Gənc nəslin teatra marağını artırmaq lazımdır. Mədəniyyət heç vaxt nostalji hisslərlə yaşaya bilməz, irəli getməliyik.

-  Kinomuzda nəzərəçarpacaq dərəcədə inkişaf demək olar ki, yoxdur.  Nədən qaynaqlanır bu problem? Milli kinomuzu necə dirçəldək?

- Bu gün ötən əsrin əvvələrində çəkilən filmlərə baxanda iftixar hissi keçiririk. Necə olur ki, 40-60-cı illərdə lentə alınan filmlərə bu gün də böyük maraqla baxırıq. İndi isə böyük maddi texniki imkanlarımızın olmasına baxmayaraq belə filmlər çəkilmir. Bu, problemdir. Mən bir misal çəkmək istəyirəm, Bakı Media Mərkəzi kiçik bir videoçarxı da film estetikası ilə ərsəyə gətirir. Bu gün artıq dünyada baxış tam fərqlidir. Azərbaycanda kinonun inkişafı üçün köklü dəyişikliklər etmək lazımdır. İndi kino rejissoru teatr, teatr rejissoru kino çəkir. Aktyor belə rejissorluq edir. Bu, belə olmur. Bunlar fərqli sənət növləridir. Məsələlər qarışıb. İlk olaraq kino ilə bağlı sifarişlər olmalıdır və ekran işlərində müasir Azərbaycanımız əks olunmalıdır. Bizim bu gün canlı klassiklərimiz yaşayır- Rasim Balayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafovumuz var. Bunlar bu gün çoxluq təşkil etmir, amma bizim tarixi kino aktyorlarımızdır. Canlı klassiklərimizin yeni bədii filmlərimizdə iştirakı ilə, dünyanın tanınmış aktyorlarını Azərbaycana dəvət etməliyik. Bu kino o zaman hüdudlarımızı daha çox aşacaq. Eyni zamanda, inkişaf etmiş ölkələrdən mütəxəssislər dəvət olunmalı,  ustad dərsləri keçirilməlidir.  

- Bir çox dəyərli sənətkar var ki, maliyyə problemlərinə görə illərdir Heydər Əliyev Sarayında səhnəyə çıxıb konsert verə bilmir. Onların tamaşaçılarla görüşünü necə təşkil etmək lazımdır? 

- Heydər Əliyev Sarayı tarixi bir sənət məbədidir. Bir çox sənətkarımızın ilk sənət ocağı ora olub. Sovet dövründən qalma “xozraşot”, yəni özü özünü maliyyələşdirmə ənənəsi  ləğv olunmalıdır. Heydər Əliyev Sarayında çalışan işçilər akademik statusda olan teatr və konsert müəssisələrinin məvacibini almalıdır. İcarədən isə söhbət gedə bilməz. Sənətçi konsert vermək üçün Saraya müraciət edərsə, konsertin təşkilini onlar öz üzərinə götürməlidir. Müğənniyə razılaşdırılmış qaydada qonorar ödənilməlidir. Amma 17 min manat ödəyib sarayı  icarəyə götürmək şərt kimi qoyulmamalıdır qarşıya. Buna hamının imkanı yoxdur. Müasir mədəniyyət mexanizmindən danışırıqsa, bunlar da şəffaf olmalıdır.  

- Əvvəllər gözəl ənənələri qoruyan, tanınmış sənətkarları bir araya toplayan məkan Rəşid Behbudov adına Mahnı Teatrı idi. Mahnı teatrının həminki şöhrətini  necə  qaytarmaq olar?    

- Mahnı teatrı dünya şöhrətli əbədiyaşarmızın adını daşıyan teatrdır. Bu sənət ocağında canlı estrada simfonik orkestri  fəaliyyət göstərir. Bu, ona bənzəyir ki, bizim böyük  bir futbol meydançamız var. Lakin oyunçu yoxdur. Gəlin belə danışaq, Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirildi və bu müsabiqə milli musiqimizə  böyük xanəndələr bəxş etdi. Hazırda onların əksəriyyəti AzTV və Beynəlxalq Muğam Mərkəzində solist kimi fəaliyyət göstərir. Klassik vokalla məşğul olan ifaçılar Akademik Opera və Balet Teatrında, Akademik Musiqili teatrda, Filarmoniyanın nəzdində olan Dövlət Xor Kapellasında çalışır. Bəs estrada ifaçılarımız necə olsun? Peşəkar müasir estrada ifaçılarımız var. Onların iş yeri hara olmalıdır? Onlar fəaliyyətə təkcə el şənliklərində iştirak etmək üçün başlamayıblar. Rəşid Behbudov adına Mahnı teatrının solistləri olmalıdırlar. Şəxsi fikrim belədir.

- Vətənpərvərlik ruhlu mahnıların sayında azalmalar var, bu nədən qaynaqlanır?

- Hər bir sahədə mədəniyyət var. Biz unutmamalıyıq ki, ən qlobal problemimiz Qarabağdır. Cənab Prezidentimiz hər çıxışında bunu qeyd edir. Təbii ki, gənc bəstəkarlara, şairlərə sifariş verilməlidir. Hər bir ifaçının repertuarında yeni  vətənpərvərlik mahnıları yer almalıdır.

- Fəxri adların dəyişdirilməsi, mükafatların verilməsi ilə bağlı təklif irəli sürdünüz. Bu məsələyə də aydınlıq gətirək.

- Nəzər yetirsək, Xalq və Əməkdar artist fəxri adları təkcə MDB ölkələrində qalıb.  Dünya şöhrətli klassik mahnı ifaçısı Luçano Pavarroti, Madonnaya nə ad verək? Hər bir dövrün aktual adları var. Sovet dövründə fəxri adlara gözəl baxırdılar. Zənnimcə, bu kateqoriyalar 1, 2, 3-cü dərəcəli Dövlət sənətçisi adı ilə əvəz olunsa daha məqsədəuyğun olardı. Prezident mükafatları da xüsusi bir komissiyanın razılığı ilə olsa pis olmaz.

- “Mədəniyyət” kanalı özü mütamadi tədbirlər  təşkil edir, “Bizi birləşdirən Mədəniyyət” şüarı ilə bir neçə layihə həyata keçirirsiniz. Sizcə, bunun əhəmiyyəti  nədən ibarətdir?

- Həqiqətən də bizi bir-birimizə mədəniyyət birləşdirir. “Mədəniyyət” kanalının qapıları  hər zaman bütün incəsənət, mədəniyyət xadimlərinin üzünə  açıqdır. Heç zaman özümüzü reklam etmək fikrimiz olmayıb. Biz vəzifə borcumuzu yerinə yetiririk. Bəs bunu “Mədəniyyət” kanalı etməsə kim edəcək? 

Çalışırıq ki, tamaşaçıları maarifləndirək, gənc istedadları üzə çıxaraq. Pandemiya dövründə “Bizi birləşdirən Mədəniyyət” şüarı altında ölkəmizin mədəniyyət ocaqlarında fəaliyyət göstərən əməkdaşlarımızla həftə ərzində 4500 -5000-ə yaxın videoçarx təqdim edirdik. Pandemiya zamanı Mədəniyyət və İncəsənət Universitetindən nə qədər gənc istedadlı rəssamlar ortaya çıxdı. Bilirsiz, mədəniyyət təkcə musiqi deyil. Mədəniyyətə daha geniş yanaşmaq lazımdır.

- Mədəniyyət ocaqlarında rəhbərlə kollektiv münasibətləri necə tənzimlənməlidir?

- İlk olaraq işçi və rəhbər arasında sağlam münasibət yaranmalı, yalan vədlər olmamalıdır.  Mədəniyyət işçiləri həssas olur. Bu səbəbdən mədəniyyət ocağının rəhbəri işçiləri ilə səmimi olmalı, onların qayğısını çəkməlidir. Mədəniyyət müəssisəsində rəhbər olan şəxs qarşı tərəfi dinləməli, qərarları tələsmədən verməli, düşünməlidir. Hər bir mədəniyyət sahəsinə rəhbərlik edən şəxs mütləq qaydada özünü tabeliçiyində olan musiqiçinin, aktyorun yerinə qoymalıdır. Onun da vəzifəsinin bir gün sona çatacağını düşünməlidir. Hamı onun barədə yüksək fikirdə olmalıdır.

 - Bir müddətdir Mədəniyyət naziri postu boşdur və hər kəs öz namizəd gördüyü şəxslər barədə fikirlərini söyləyir, müzakirələrə qoşulurlar. Siz kimi nazir vəzifəsində görürsünüz?


- Mədəniyyət naziri  postunda çalışan şəxs kimliyindən asılı olmayaraq, ilk növbədə mədəniyyət xadimlərini düşünməlidir. Sədaqətlə vətəninə, xalqına xidmət etməlidir. Çalışdığı müddət ərzində alnıaçıq, şəffaf şəkildə qeyrəti qədər mədəniyyəti qorumalıdır. Mədəniyyəti qorumaq gələcək nazirimizin birbaşa olaraq missiyası olmalıdır. Kimin təyin olunmasından asılı olmayaraq, vurğuladığım məqamlar mütləqdir. /Qafqazinfo.az/