Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
13 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən News24.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib.
O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.
16:43