Bu gün hər şey BİZDƏN ASILIDIR - COVID 19-LA MÜBARİZƏDƏ AZƏRBAYCAN - VİDEO
    • 15-07-2020, 17:04
    • 1 267

Bu gün hər şey BİZDƏN ASILIDIR - COVID 19-LA MÜBARİZƏDƏ AZƏRBAYCAN - VİDEO

Ötən əsrdə, 1904-cü il, sentyabrın 14-də Bakı şəhər Dumasının sədri və rusdilli “Kaspi” qəzetinin redaktoru, böyük ziyalı Əlimərdan bəy Topçubaşov Tiflisdə olan İctimai-siyasi xadim Əli bəy Hüseynzadəyə çox həyacanlı bir məktub yazmışdı: “...Bakıda  vəba tüğyan edir. Hər gün onlarla insan epidemiyanın qurbanı olur, həm Dumanın sədri, həm də “Kaspi”nin redaktoru kimi vəbaya qarşı mübarizə aparıram. Gündə azı 25 nəfərə qədər adam əcdadlarının yanına yollanır. Hamısı da müsəlmanlardır. Ən dəhşətlisi də odur ki, bizim müsəlmanlar özlərinə heç bir çarə qılmaq istəmirlər, məsələyə barmaqarası baxırlar. Təbliğat aparmaq üçün dəridən-qabıqdan çıxıram. Epidemiyanın təhlükəli xarakter almasında şəhər təsərrüfatında məsul şəxslərin yarıtmaz fəaliyyəti, Bakının sanitar həyatının pozulması, səhiyyə sisteminin qaydada olmaması böyük rol oynayır”.

116 il bundan öncə yazılmış məktuba nəzər salanda bu qənaətə gəlinir ki, görünür, hər əsrin ictimai-siyasi burulğanları, iqtisadi formasiya əvəzlənməsi və digər gərdişləri ilə bərabər sağlamlıq sınağı, həyat təhlükəsi də yan keçmir. Amma, təbii ki, qürur duyğusu və şükranlıq hissi ilə söyləyə bilərik ki, müsəlmansayağı biganəlik hələ də qalmaqda olsa da, digər problemlərin çözüm müstəvisində tam bir aydınlıq hökm sürməkdədir.

Söhbət, əlbəttə, 2020-ci ili, açıq danışsaq, gözümüzdən salan, son ayların baş mövzusu olan, leksikonumuzun gündəlik ümumişlək sözlər sırasını belə kölgədə qoymuş koronavirus pandemiyasından gedir. Bəli, 21-ci əsrin 20-ci ilində epidemiya dincliyimizə zərbə vurdu, rahatlığımıza qənim kəsildi. Böyük rus ədibi Çexov demiş, “insanın gündəlik arxayın güzəranı içində gözə çarpmayan faciələr baş verir”. Doğrudan da, həyat gözlənilməz sürprizlərlə doludur. Düz xəttlə bərabər, əyrilər, hiperbolalar, parabolalar, hər cür əngəllər də mövcüddür və bu yaradılışın pozulmaz qanunudur.

Məlumdur: İllərlə rahat, komfort həyata alışmış, vaxtlı-vaxtında istirahət zonalarında dincələn, səhər-axşam dəniz kənarına, parklara, xiyabanlara gəzintiyə çıxan insanlar üçün qadağa çox ağırdır. Teatrların, rəsm sərgilərinin, qalereyaların, art-salonların, konsert zallarının, musiqi mərkəzlərinin hər birinin bəxş etdiyi bədii-estetik zövqdən və könül rahatlığından, mədəni-kütləvi tədbirlərdən, çeşidli restoranlardan, xidmət mədəniyyəti ilə fərqlənən kafelərdən, çayxanalardan ayrı düşmək də, əlbəttə, çətindir. Əvvəl-əvvəl insanlar məsələnin mahiyyətinə tam vara bilmədilər və ya sadəcə bunu istəmədilər, biganəlik göstərdilər. Elə bu yerdə Frans Kafkanın sözü yada düşür: “Biganəlik ruhun xərçəngidir”.

Məhz bütün bu problemləri və onların törədə biləcəyi fəsadları nəzərə alan dövlətimiz xüsusi karantin rejiminin təbliğindən başqa çarə görmədi.

Həyat, yaşam tərzi canlı mexanizmdir. Hər şeyin tam dondurulması qeyri-mümkündür. Elə biz də bu ağır rejimdə fəaliyyət göstərməyi zəruri sayılan sahələrin xidmətindən, yəni dar günün dostlarından danışacağıq. Həm də pandemiya dövründə məhz bu xidmət sahələrinin üzərinə ikiqat məsuliyyət düşdü. İlk növbədə bizim sağlamlığımız uğrunda mübarizədə, mən deyərdim, müharibədə əsil fədakarlıq göstərən həkimlərimizin əməyini, şücaətini təqdir etmək istərdim. Homerin belə bir deyimi olub: “Bir həkimin məharəti yüz döyüşçünün hünərindən üstündür”. Həqiqətən də, virusla mübarizədə həkimlərimiz döyüş meydanına gedən, lazım gəldikdə tank əleyhinə qumbara ilə hərbi maşının üstünə atılıb taqımı xilas edən cəsur döyüşçülərə məxsus peşəkarlıq nümayiş etdirdilər. Hələ indiyəcən mətbuatda, sosial mediada, televiziya və radioda həkimlərdən birinin virusla mübarizə səngərindən geri çəkilmək istəməsi və qorxusu haqqında bir məlumata rast gəlmədik. Peşəkarlıq, həkimlik borcunun dərki, Hippokrat andına sədaqət və təbii ki, genetik kodun göstəricisi – yurdsevərlik vəhdət halında virus cəbhəsini susdura bilir. Əbdülkərim Mehmandarov 1860-cı ildə Şuşada doğulmuşdu. Şuşa realnı məktəbini bitirmişdi. Bir neçə hadisə onun həkimlik sənətini seçməsinə rəvac verib. Yaxınlarından bir neçə nəfəri xəstələnib. Təsəvvür edirsinizmi, azərbaycanlı həkim yoxmuş. Erməni həkim də yolun uzaqlığını bəhanə edir, gecikir, nəticədə xəstə dünyasını dəyişir. Bunu görən Əbdülkərim Peterburq Tibbi-Cərrahiyyə Akademiyasına qəbul olunur. Şuşada qəza və kənd həkimi kimi fəaliyyət göstərir. Tibb üzrə ali təhsil və doktorluq dərəcəsi almış ilk azərbaycanlı olur. Ötən əsrin əvvəllərində Bakı ilə bərabər vəba Qarabağa da yayılanda Əbdülkərim həkim çox adamın həyatını xilas edir.

Nədən bu bir əsrdən çox vaxtla bizdən ayrılan tarixə ekskurs edib ilk ali təhsilli azərbaycanlı həkimi xatırladım? Bir daha qürur hissi keçirməm və o gözəl duyğunu bir daha sizə yaşatmaq üçün. İndi Rusiyada, Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində təhsil almış, elmi iş müdafiə etmiş yetərincə həkimlərimiz qayıdıb öz xalqına xidmət göstərir. Elə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizədə kömək üçün ölkəmizə dəvət edilmiş Rusiyanın virusoloqlar, pulmonoqlar briqadasına 18 azərbaycanlı həkim də qoşulub.

Ümumiyyətlə, indiyə qədər həkimlərimiz, tibb bacılarımız, bütün tibbi personallarımız ev üzü görmədən belə, müharibə şəraitində olduğu kimi çalışırlar. Təəssüf ki, bəzən vəziyyətin kritikliyi, epidemiyanın amansızlığı tibb işçilərini də çətin duruma salıb, yerdəyişməyə məcbur etdi. Bir çox həkimlərin taleyinə pasiyentlik düşdü. Hətta dünyasını dəyişənlər də oldu. Əslində onları da şəhid saymaq olar.  Əsgər və zabitlərimiz torpaq uğrunda, ərazi bütövlüyü uğrunda vuruşurlarsa, həkimlərimiz də sabahımızın mövcudluğu-genofondumuz naminə özlərini riskə atırlar. Və ən əsası budur ki, tibb personallarımız xəstələrə bacı, qardaş, övlad qayğısı və şəfqəti göstərdilər.

Prezident İlham Əliyevin sözügedən xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə gördüyü operativ qabaqlayıcı tədbirlər sırasında Bakıda və Sumqayıtda , o cümlədən Fövqəladə Hallar Nazirliyinin nəzdində tam müasir standartlara cavab verən, ən son texnoloji yeniliklərlə təchiz edilmiş modul tipli tibb müəssisələrinin tikilməsi və mütəxəssislərin işə cəlb edilməsi də, effektiv bəhrəsini verməkdədir.

Azərbaycan polisinin şərəfli tarixi vardır. Hələ Azərbaycan Cumhuriyyəti dövründə struktur kimi formalaşan Daxili İşlər Nazirliyi müstəqillik illərində də boynuna düşən şərəfli missiyanı ləyaqətlə yerinə yetirib. Daxili sabitliyin qorunması, əmin-amanlığın bərpası, cinayətkarlğa qarşı mübarizə dövlətçilik üçün həmişə önəmli şərt olub. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi Azərbaycan polisi ərazi bütövlüyümüzün qorunmasında, torpaqlarımız uğrunda mübarizədə də həmişə ön sıralarda olub. Xüsusi karantin rejimi başlayan gündən ayaqda olan polislərimiz gecə-gündüz keşik çəkir, insanları maarifləndirir, reyd və yoxlamalar aparıb qanunu pozanları aşkarlayırlar. Pandemiya dövründən Azərbaycan polisi  gücləndirilmiş iş rejimində çalışır. Bu rejim asan olmasa da, onlar daşıdıqları mundirin, içdikləri andın şərəfini əziz tutur, dövlətin, hökumətin bütün qərar və göstərişlərinin vaxtında yerinə yetirilməsində can yanğısı nümayiş etdirirlər. Televiziya xəbərlərindən dəfələrlə şahidi olmuşuq: ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi gündə yaşlı adamları öz avtomobillərində dünyadan köçmüş  əzizinin evinə aparıblar, digər problemlərlə bağlı müraciət edən insanlara dərhal yaxınlaşaraq maraqlanıblar. Eyni zamanda polislərimizin nəzakət qaydalarına əməl etmələri, insanlara səngərdə döyüş yoldaşı ilə danışılan doğmalıqla müraciətləri, yaşlı adamlara, texnolojidən anlamayanlara davranış etiketləri bir vətəndaş kimi hər birimizə qürur verir.

Zamanında Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib haray qoparırdı, bədbinliyə qapılırdı. Nə xoş ki, bu gün imzamız beynəlxalq çapda öz təsdiqini tapıb. Müqəddəs, üçrəngli Bayrağımız nüfuzlu dünya təşkilatlarının, Mədəniyyət Mərkəzlərinin qarşısında, İdman arenalarında əzəmətlə dalğalanır. Ən fərəh doğuran halımız isə artıq bir çox sahələr üzrə dünyada Azərbaycan brendinin, modelinin mövcudluğudur. Zənnimcə, bu fərəhli hadisələr içində 2013-cü ildə təsis olunmuş “ASAN xidmət” innovativ layihəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən kreativ layihə artıq ultramüasir model qismində dünyanın bir çox ölkələrində tətbiq edilir. Pandemiya dövründə fəaliyyət göstərən xidmət sahəsi kimi ASAN Xidmət - informasiya, istiqamətləndirmə, sənədləşdirmə və digər məsələlərin operativ həllində çox önəmli icraatları yerinə yetirir. ASAN xidmətin könüllülər fəlsəfəsinin formalaşmasında da müstəsna rolu var. Xüsusi karantin rejiminin yaşı 65-dən yuxarı olanlarla bağlı qərarın yer tutduğu birinci mərhələsində məhz bu könüllülər sözün əsil mənasında könülləri sevindirdilər, tənha, kimsəsiz qocalara, xəstə ahıllara, veteranlara zəng vurmaq, problemləri ilə maraqlanmaq, ərzaq payı aparmaq, onlara ürək-dirək verib bədbin notlardan uzaqlaşdırmaq ASAN xidmət könüllülərinin ümdə vəzifəsi oldu. Eyni zamanda tibbi maska taxmaq, sosial məsafəni qorumaq, dizenfeksiya qaydalarına əməl etmək, küçəyə səbəbsiz çıxmamaq kimi maarifləndirici tədbirlərdə onları hər zaman polislərin və lazım gələndə həkimlərin yanında görmək olardı.

Könüllülərin gənclərdən ibarət olması, həm də bəşəri dəyərlərə malik, insanlıq fəlsəfəsindən anlayışlı gənclərin yetişməsini göstərən ümidverici faktdır.

Təbii ki, pandemiya dövründə fəaliyyət göstərən xidmət sahələrinin hər biri haqqında ətraflı yazmaq qeyri-mümkündür. Amma bir fakt var: Heç bir xidmət sahəsində güclü, nəzərə çarpan nöqsan yaşanmadı. Çörək zavodları heç bir panikaya getmədən əhalinin çörəyə olan təlabatını ödədi. Digər qıda sahələri, həmçinin gərəkən ehtiyaclara cavab verdi. Mənzil-istismar sahələri, kommunal xidmətlər, nəqliyyat sahəsi, bazarlar ikiqat məsuliyyətlə işlədi.

Ölkədə fəaliyyət göstərən televiziya və radioların da fəaliyyətini xüsusi qeyd etmək istərdim. Canlı bağlantılar, xəstəxanalardan operativ reportajlar, analitik təhlillər, mütəxəssis rəyləri, müqayisəli icmallar, qayda-qanunlara riayət etməklə bağlı çarxlar, epidemiyadan qorunmağa həsr edilmiş spotlar, məhşurların tövsiyyə və çağırışları, ən əsası Prezident İlham Əliyevin iştirak etdiyi videokonfranslar və Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik qərarları teleməkanda peşəkarlıqla işıqlandırıldı.

Əslində hər hansı bir təbii fəlakət və ya çağrılmamış qonaq kimi gələn xəstəlik bəlası bir sınaqdır.

Düşünürəm ki, dövlətimiz bu sınaqdan başqa ölkələrə nümunə ola biləcək gücdə üzüağ çıxdı. Prezident xalqın yanında oldu. Bütün sosial təbəqələrin durumu, yaşam tərzi nəzərə alındı. İşsizlərə birdəfəlik yardımların verilməsi, pandemiyadan zərər görmüş sahibkarlara dövlət dəstəyinin artırılması, iqtisadi çətinliklərə baxmayaraq məvaciblərin vaxtında ödənilməsi və digər layihələr göstərdi ki, Azərbaycan sosial dövlətdir və istənilən ekstremal şəraitdə Prezident üçün insan amili, vətəndaşın durumu önəmlidir.

Bizə isə qalır tezliklə bu bəlanın birdəfəlik qurtarmasını arzulamaq və qüdrətli dövlətin vətəndaşı olmağımızla fəxr etmək! 

Müəllif: Ülkər Qasımova