Bəhram Bağırzadə bu gün ailə üzvləri ilə telefonla danışıb
    • 18-07-2020, 13:14
    • 931

Bəhram Bağırzadə bu gün ailə üzvləri ilə telefonla danışıb

“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti stabildir və xəstə bir neçə gündür spontan tənəffüsdədir”.

News24.az xəbər verir ki, bu fikirləri açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, bu gündən başlayaraq tənəffüsün fizioloji yolla, yəni burun və ağızdan alınması yoxlanılacaq: “Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra süni tənəffüz aparatını çıxarmaq mümkün olacaq. Xəstə üzərində fizioterapektiv müalicə aparılır. O aktivdir, hətta ayağa qalxır. Bu gün səhər ailə üzvləri ilə telefonla danışıb”. 

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.