Dərslərin başlaması üçün... – SENSASİON AÇIQLAMA
    • 14-08-2020, 10:25
    • 1 819

Dərslərin başlaması üçün... – SENSASİON AÇIQLAMA

“Müvafiq şərtlərə əməl etməklə yeni tədris ilini başlatmaq olar. Distant təhsilə gəldikdə isə çox gecikmişik. Sosial baza və struktur indiyə hazır olmalı idi”. 

Bunu News24.az-a açıqlamasında yeni tədris ili və distant təhsillə bağlı analiz edərkən təhsil eksperti Elçin Əfəndi deyib. 

Ekspert bildirib ki, yeni tədris ili ilə bağlı ilkin fikir ondan ibarətdir ki, dərslərin ənənəvi formada başlaması üçün burada müvafiq şərtlərə əməl etmək lazımdır: “TƏBİB-in təyin etdiyi qaydaları bura aid etməliyik. Həmin qaydalar çərçivəsində dərsləri başlatmaq olar. Xüsusi karantin rejimi təyin olunmayan şəhər və rayonlarımızda ənənəvi təhsili başlatmaq daha məqsədəuyğundur. Çünki orada yoluxma halları aşağıdır. 

Şagirdlər tərəfindən maskadan istifadə edilməsi, sosial məsafənin təmin edilməsi, yəni parta arxasında hər bir şagirdin tək-tək əyləşməsi, məktəb binasına daxil olarkən hərarətlərinin yoxlanılması kimi nüanslar nəzərə alınmalıdır. Ancaq xüsusi karantin rejimi elan olunan şəhərlərdə virus daşıyıcı olan şagirdləri və tələbələri onlayn qaydada dərslərə cəlb etmək olar. Digər şagirdlərin və tələbələrin isə konkret olaraq ənənəvi qaydada dərslərini başlatmaq olar. Bu qaydada yeni tədris ilinə sentyabr ayının 15-dən başlamaq mümkündür.

Bu il ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları bir qədər gec həyata keçirildi. Tələbələrin ixtisaslaşması gec başladığı üçün sentyabr ayının sonuna qədər bu proses çəkə bilər. Böyük ehtimal ki, onlar oktyabr ayının əvvəllərindən dərslərə başlaya bilərlər”. 

E.Əfəndi distant təhsilin əhəmiyyətini belə izah edib: “Əslində, bizim üçün distant təhsil vacibdir. Amma hazırkı mərhələdə distant təhsilin tədrisi prosesi mümkün deyil. Çünki faktiki olaraq bizdə distant təhsil üçün mövcud baza yoxdur. Yəni sosial bazamız və keyfiyyətli kadrlarımız əlimizdə olmalı idi. Həmçinin ölkədə bütün areal üzrə internetlə təmin olunmalı idik. Bir çox rayonlarımızda internetə qoşulmaqla bağlı problemlər mövcuddur. Bundan əlavə, hər bir şəxsin informasiya texnologiyalarından istifadə məsələləri sual altındadır. Məsələn, bir evdə 2 şəxs məktəb və ya universitet tələbəsidirsə, eyni zamanda, valideynlərdən biri və ya hər ikisi müəllimdirsə, onlar hansı vasitələrlə dərslərə qoşulmalıdır? 

Yəni ümumən qeyd etməliyik ki, bizim distant təhsili tətbiq etməyimiz indiki vaxtda geniş fayda verməyəcək. Distant təhsilin ən azından 5-10 il öncə bazasını yaratmalıydıq. Müharibə şəraitində olan bir ölkəyik. Sabah müharibə və ya fövqəladə hadisə baş verərsə, o zaman distant təhsilə keçid vacibdir. Ancaq biz bu məsələdə xeyli gecikmişik. Yəni hər şey indiyə hazır olmalı idi. Anidən istəyirik ki, distant təhsili bazamız olmadan tətbiq edək. Nə sosial, nə də informasiya texnologiyaları baxımından bazamız var. Yəni şagird ənənəvi təhsillə 80-90% effektlə nəticə alır və öyrənə bilirdisə, hazırkı durumda distant təhsillə 50-60% nəticə ala bilirlər. Bu da Azərbaycanda bütün arealı əhatə etmir”.

Məhərrəm Əliyev