Deputat: “Yalnız bu halda yoluxmanı azaltmaq olar”
    • 19-08-2020, 12:47
    • 410

Deputat: “Yalnız bu halda yoluxmanı azaltmaq olar”

“Qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icazə verilməsi məqsədəuyğun olardı”.

News24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, ictimai iaşə və xidmət sektorunun fəaliyyəti məqsədəuyğundur:

“Avqustun 18-dən etibarən kafe və restoranlara açıq havada işləməsinə icazə verilib. İctimai iaşə müəssisələrində yenidən canlanma müşahidə olunmağa başlanıldı. Epidemioloji vəziyyət nəzərə alınmaqla iqtisadiyyatın mərhələli şəkildə tam açılımının vacibliyini dəfələrlə vurğulamışıq. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpası əhəmiyyətli olmaqla yanaşı, virusdan qorunmaqla bağlı qaydalara həm nəzarətin gücləndirilməsi, həm də əməl edilməsinin təşviqi çox əhəmiyyətlidir. Bu baxımdan, ölkəmizdə də yeni standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpası məqsədəuyğundur”.

İqtisadçı vurğulayıb ki, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur: 

“Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə, xidmət sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub”.

Vüqar Bayramov hesab edir ki, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var:

“Hələlik ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmir. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icazə verilməsi məqsədəuyğun olardı. Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər. Halbuki virusdan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Yuxarıda qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.