Deputatlardan Ramiz Mehdiyevə: “Biz bu dünyada faniyik”
    • 25-08-2020, 14:42
    • 1 210

Deputatlardan Ramiz Mehdiyevə: “Biz bu dünyada faniyik”

Dünən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AMEA-nın saytında açıqlaması dərc olunub. 

AMEA sədrinin çıxışında vurğuladığı bu hissə ajiotaja səbəb olub:

“Mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək”.


News24.az məsələ ilə bağlı bir sıra millət vəkillərinin fikirlərini öyrənib.

Deputat Fazil Mustafa vurğulayıb ki, AMEA prezidenti kimləri nəzərdə tutursa, onu qeyd edə bilərdi: “Azərbaycan demokratik bir ölkədir. Hər bir şəxsin öz fikri var. O da fikrini belə ifadə edib. AMEA prezidenti kimləri nəzərdə tutursa, onu qeyd edə bilərdi. Deputatlar da daxil, hər kəs qanunun aliliyini rəhbər tutmalıdır. Kimsə qanunsuz hansısa bir çağırış, böhtan və ya təhqir xarakterli fikir səsləndiribsə, bu açıqlama daha çox onlara aiddir. 

Deputatlar bütün situasiyalarda ancaq qanunauyğun fikirlər səsləndirə bilər. Azərbaycanda karantin qaydalarına kim riayət etmirsə, qanuna əsasən, inzibati tənbeh qaydaları ilə cəzalandırılır. Ona görə də bu məsələdə kimisə fərdiləşdirib ayırmaq doğru deyil. Operativ Qərargahın qaydaları istisnasız hər kəsə aiddir. Sıravi vətəndaşlarda belə bir fikir var ki, bu qaydalar yalnız onlara aiddir. Biz düzgün örnək olsaq, həmin yanlış fikir aradan qalxacaq”. 

Millət vəkili Musa Qasımlı isə bildirib ki, hər bir vətəndaş karantin rejiminin tələblərinə ciddi riayət etməlidir: “Vəzifəli şəxslərin məsuliyyəti isə daha böyükdür. Onlar bu məsələlərə ilk növbədə ümumdövlət və ümummillət maraqları baxımından yanaşmalıdır. Çünki ölkəmizdə qanun qarşısında hamı bərabərdir. Heç kimin qanunun fövqündə dayanmaq cəhdinə dövlət hakimiyyəti imkan verməz. Qanunların təminatçısı isə cənab Prezident İlham Əliyevdir”. 

Onun sözlərinə görə, karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən şəxsin, xüsusilə, vəzifəlilərin hərəkətləri qəbul edilə bilməz və hüquqi qiymətini almalıdır: “Əgər qanun çərçivəsində ölçülər götürülməsə cənab Prezidentin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin üzərinə silinməsi mümkün olmayan kölgə düşər. Beləliklə, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zədələnər və zəifləyər. Belə olan halda xalqın dövlət hakimiyyətinə olan inamı sarsılar. Ona görə də bu məsələlərə yanaşmada şəxsi münasibətlər, dostluq, qardaşlıq deyil, qanunun tələbləri əsas götürülməldir.
Fərdi yanaşmanın sonradan düzəldilməsi çətin olan, bəlkə də heç mümkün olmayan çox ağır nəticələri ola bilər. Xalq qalxıb deyər ki, “vəzifəlilərə, məmurlara olar, mənə olmaz?” O zaman nə cavab vermək olar? Bundan isə bütövlükdə millət və dövlət ziyan görər.
Biz bu dünyada faniyik. Bütün vəzifələr, məqamlar müvəqqətidir, millətimiz və dövlətimiz isə əbədidir. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır”.

Deputat Aqil Abbas hazırkı durumda Ramiz Mehdiyevi tənqid etməyin düzgün olmadığını deyib: “Əvvəllər istefa mədəniyyəti haqqında bir yazı yazmışdım. Ramiz Mehdiyevi də istefaya çağırmışdım. Bir dəfə də Ramiz Mehdiyev qarabağlılar haqqında ağır bir söz demişdi. Qarabağlılar getsinlər öz tarı ilə oynasınlar. Mən də manşetə qoymuşdum ki, sizin kimi filosof olmaqdansa, tar çalmaq daha yaxşıdır. Ürəyimdəki sözləri açıq şəkildə yazmışam”.

A.Abbas bildirib ki, Ramiz Mehdiyev vaxtı ilə dövlətin vacib fiqurlarından biri olub: "İndi onu tənqid edə bilərlər. Ancaq həmin dövrdə Ramiz Mehdiyevi tənqid etmək dövləti, ulu öndər Heydər Əliyevin siyasətini tənqid etmək kimi bir şey idi. Hər kəs özünə cavabdehdir. İstisna olaraq, Prezidentin apardığı siyasət, ümummilli lider haqqında xoş sözlər yazmışam. Nazirləri tənqid edən heç nə yazmamışam. Hər hansı bir nazir yaxşı iş görübsə, onu qeyd etmişəm. Məsələn, Mikayıl Cabbarov məktəblərə tapşırmışdı ki, orta məktəblərdə yazar və şairlərlə görüş keçirilsin. Bu yazını tərifləmişdim”.

A.Abbas qeyd edib ki, əgər dövlət toy və yaslara qadağa qoyursa, bu, qaydalara riayət etmək lazımdır mənasını verir. Operativ Qərargahda oturan adamlar boşuna təyin olunmayıb”.

Məhərrəm Əliyev