"Qarabağın geri qaytarılması üçün hər an MÜHARİBƏ OLA BİLƏR
    • 2-09-2020, 12:23
    • 1 071

"Qarabağın geri qaytarılması üçün hər an MÜHARİBƏ OLA BİLƏR" – POLİTOLOQLAR AÇIQLADI

"Biz problemin həlli üçün ssenarilər yazmırıq, onların öz aralarında danışa bilməsi üçün şərait yaradırıq. Son 18 il ərzində tərəflər arasında ilk sənədlər hazırlanıb ki, bu da az iş deyil. Burada BMT Nizamnaməsinin prinsiplərini, Helsinki yekun aktının prinsiplərini də əks etdirən məsələlər formalaşdırılıb. Həmçinin, tənzimlənmənin baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb".

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həlli ilə ilə bağlı Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbə və müəllim heyəti önündə etdiyi çıxışda səsləndirib.

Rusiya Xarici işlər nazirinin fikirlərini News24.az-da təhlil edən politoloq Qabil Hüseynli vurğulayıb ki, Lavrov səmimi siyasətçi deyil və dəfələrlə ermənipərəst olduğunu sübut edib: 

“Sergey Lavrov etnik mənşəyi etibarilə ermənilərlə yaxın qohumdur. Rusiya XİN-nin səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil. Şimal qonşumuz bir həmsədr ölkə kimi danışıqlara şərait yaratmaq istəyirsə, Ermənistana niyə silah göndərir? Yaxud da ki, Rusiya tərəfindən Ermənistana göndərilən silahlar niyə müxtəlif adlarla kamuflyaj edilir? Bu prosesi şəffaf aparmaq olar. Bundan əlavə, silahlar niyə məhz Tovuza hücum ərəfəsində göndərildi? 


Son zamanlar Eldar Həsənovun həbsindən sonra Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə meyillənməsi faktları da onu göstərir ki, Rusiya Cənubi Qafqaza özünün arxa bağçası kimi baxır. Oradakı dövlətlərə aşağılayıcı münasibət bəsləyir”. 

Politoloqun sözlərinə görə, Rusiyadan Dağlıq Qarabağ məsələsi ilə bağlı dəstək gözləmək mənasızdır: “Dağlıq Qarabağ məsələsi ilə bağlı Lavrovun bütün anatomiyası açıldı və detallar bəlli oldu. Rusiyanın Gümridəki 102-ci hərbi bazasının sabiq komandiri Andrey Ruzinski mətbuata verdiyi açıqlamada bildirib ki, Qarabağdakı rayonların alınmasında onların briqadasının texnika və əsgər heyəti yaxından iştirak edib.


Vaxtilə Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı diviziyanın bir sıra komandirləri açıq etiraf ediblər ki, Xocalıya hücumda və dinc insanların qətliamında onların diviziyası da yaxından iştirak edib və ermənilərdən iri məbləğdə pul alıb. İndi isə Rusiya Ermənistana ardı-arası kəsilməyən pulsuz silah yardımı edir. Guya öz ordusunun istifadəyə yararsız olan silahlarını göndərirmiş kimi görünərək, bir milyard dollarlıq, zavoddan yeni çıxmış silahlar Ermənistana yol alır. Tək silahlar yox, həm də digər hərbi texnikalar Rusiya tərəfindən Ermənistana göndərilib. Döyüş təyyarələrini də bu siyahıya əlavə edə bilərik. Belə olan halda Lavrovun “danışıqlara şərait yaradırıq” ifadəsi ələ salma cəhdindən başqa bir şey deyil. 


Həmsədr ölkənin təcavüzkar rolunda döyüşən tərəfə silah göndərməsi hansı məntiqə sığır? Rusiya bir tərəfdən Ermənistanı silahlandırıb, yeni hücumlara hazırlayır, digər tərəfdən də danışıqları bərpa etmək istədiyini bildirir. Bu çox biabırçı bir vəziyyətdir. Hətta mənəviyyatsızlıq dərəcəsinə çatan siyasətçi təbiridir. Rusiya Xarici işlər nazirinin fikirləri təcrübə ilə uzlaşmır və Azərbaycanın maraqları ilə üst-üstə düşmür”. 

Milli Məclisinin deputatı, politoloq, siyasi şərhçi Elman Nəsirovun fikrincə, Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etdiyi çıxışda yeni bir fikir yoxdur: 

“ATƏT-in Minsk qrupu 1992-ci ilin mart ayından etibarən 29 ildir fəaliyyət göstərir. Bu 29 ili dəyərləndirsək, münaqişənin həlli istiqamətində bir addım belə atılmadığını müşahidə edərik. Bunu fəaliyyətsizlik və ya sıfır nöqtəsində addımlamaq kimi də qiymətləndirə bilərik. Bəzi hallarda hətta mənfiyə doğru addım atılıb. ATƏT-in Minsk qrupu əvvəldən münaqişənin həlli missiyasını öz üzərinə götürüb. Lavrov isə deyir ki, biz danışıqlar üçün şərait yaratmağa çalışırıq. Əgər biz özümüz bu münaqişəni həll edəcəyiks ATƏT-in Minsk qrupu nəyə lazımdır? 


Danışıqlar üçün heç bir zəmin yoxdur. Ermənistan tərəfi uzun müddətdir ki, danışıqlardan yayınır. ATƏT-in Minsk qrupu hər zaman öyünürdü ki, guya onun fəaliyyəti olmasa, bu münaqişə çoxdan müharibəyə çevrilərdi. 2016-cı ildə Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi uğrundakı Aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda May və bu ilin Tovuz istiqamətində baş tutan İyul döyüşləri göstərdi ki, Minsk qrupunun bu istiqamətdə öyünməsi üçün heç bir əsas yoxdur. İstənilən halda münaqişə müharibəyə çevrilə bilər. Bu, artıq təsdiqlənmiş bir faktdır. Münaqişənin həlli ilə bağlı paket, mərhələli və ümumi dövlət variantı nəzərdə tutulmuşdu. Ancaq bunların heç biri effektli olmadı. Daha sonra 2007-ci ildə Madrid prinsipləri irəli sürüldü. 2009-cu ildə bu prinsiplərə bəzi əlavələr edildi. 2011-ci ildə Kazan yanaşması ortaya atıldı. Bunlar da heç bir halda münaqişənin həllinə gətirib çıxarmadı. Ermənistan tərəfi bu variantların heç birini qəbul etmədi. ATƏT də isə tərəflərdən biri yox deyəndə, qərarın qəbulu mümkün olmur”. 


Politoloq hesab edir ki, indiki vəziyyətdə bu prosesə digər iştirakçıların da cəlb edilməsinə ehtiyac var: “ATƏT-in Minsk Qrupu yaradılarkən, 11 dövlətin təmsilçiliyi reallaşıb. Bu dövlətlərin içərisində qardaş Türkiyə də var. Belə çıxır ki, 11 dövlətin arasında yalnız 3-ü münaqişənin həlli ilə məşğuldur. Yerdə qalan digər 8 dövlətin prosesdə fəal iştirakının təmin edilməsinə çox böyük ehtiyac var. Əks təqdirdə heç bir nəticə olmayacaq. Belə olan halda artıq danışıqlar yox, müharibə versiyası aktuallaşacaq. Biz bu müharibə versiyasının astanasındayıq. Heç kim təminat verə bilməz ki, müharibə olmayacaq. Müharibə hər saat, hər dəqiqə, hər saniyə ola bilər”. 

Məhərrəm Əliyev