Aisel: "Eurovision"da finala keçmədim, ÇÜNKİ...
    • 18-09-2020, 17:06
    • 1 739

Aisel: "Eurovision"da finala keçmədim, ÇÜNKİ..." - VİDEOMÜSAHİBƏ - FOTOLAR

Azərbaycanın adı artıq 12 ildir ki, "Eurovision" mahnı müsabiqəsində səslənir. 2008-ci ildən başlayaraq ölkəmiz bu mötəbər musiqi yarışmasında keyfiyyətli çıxışı ilə fərqlənməyi bacarır. 

News24.az
saytının bu dəfəki qonağı sözügedən yarışmada sözügedən beynəlxalq müsabiqədə adını 11-ci Azərbaycan təmsilçisi kimi yazdıqmağı bacaran bəstəkar-müğənni Aysel Məmmədovadır. 

-   Son zamanlar repertuarınızda yer alan mahnılar Azərbaycan dilindədir. Bundan öncə isə daha çox xarici dildə olan mahnıları ifa etməyə üstünlük verirdiniz. Sizi dəyişikliyə vadar edən nə oldu?

-   Bu uzun bir yol idi. Hər zaman çalışmışam ki, öz bəstələdiyim mahnıları ifa edim. Hər şey fortepianodan başladı. Çünki klassik fortepiano fakültəsində oxumuşam. Cazz musiqisi ilə məşğul idim. Daha sonra oxumağa marağım artdı. İngilis və rus dillərində öz musiqilərimi bəstələməyə başladım. Bir il öncə isə ana dilimizdə mahnılar hazırlamaq qərarına gəldik. İstəyirdik ki, burada da auditoriyamızı genişləndirək, Azərbaycan dilində bəstələrim olsun. Sadəcə öz tərzimi axtarırdım. Adi pop, bir-birinə bənzəyən mahnılar təqdim etmək istəmirdim. Buna görə də axtarışdaydım. Hiss edirsinizsə mahnılarda xüsusi stilistikamız var. 

-    Adınız keyfiyyətli işlər təqdim edən sənətçilər sırasındadır. İfaçı nələr etməlidir ki, adı məhz həmin sırada çəkilsin.

-    Ən birinicisi məhsul təkrarsız olmalıdır. Ondan əvvəlki işlərə bənzəməsin, heç bir ifaçını təkrarlamasın. Mənə görə sənətçinin individuallığı ən vacib məsələdir. Biz işimizdə çalışırıq ki, musiqilərimiz dünya səviyyəsində olsun. 

-    Aysel, adınızın qarşısında “Eurovision” sözü var. 2018-ci ildə bu müsabiqəyə qatıldınız. Finala keçə bilməməyinizin səbəbi nə oldu?


-    Bu barədə ətraflı danışmaq istəyirdim. Çünki neçə ildir açıqlama verə bilmirəm. Bunu öncədən hiss edirdim. Dostlarım mənə deyirdi ki, sən paranoiksən, üzərinə neqativ çağırırsan. Mahnı çox meyl-strim pop formatında idi. Bu tip mahnılarla bağlantım yoxdur. Ümumiyyətlə belə mahnılara qulaq asmıram. Oxumaq mənə daha çətin gəlir. Mənim formatım olmadığına görə çox çətinlik çəkirdim. Hətta indiyə qədər də özümü o mahnı ilə harmoniyada hiss etmirəm. İstəyərdim ki, özüm bəstələyim, düşündüyüm mahnı olsun. Təəssüf ki, alınmadı. Pop janrında müsabiqədir və öz janrı var. Ona görə də belə məsləhət görüldü ki, mahnını yazıb bizə təqdim etsinlər. Komanda çox yaxşı insanlardan ibarət idi. İndiyə qədər də münasibətimiz var. 

-    Mahnı seçimində siz iştirak etmədiniz?

-    İştirak edirdim, amma məsləhət belə oldu. Son qərarı mən vermirdim. 


-    Bəs, seçimə mahnı təqdim etmişdiniz?

-    Xeyr, təqdim etməmişdim. Sadəcə olaraq komanda ilə əlaqədə idik və mahnılarımı onlara göndərmişdim. Ola bilər ki, tam hazır olmadığı üçün və ya aranjemanını eşitmədikləri üçün qərar belə oldu. 

-    Finala keçməyəndə məyus olub depressiyaya düşdünüzmü?


-    Sözün düzünü desəm yox. Stilist Anar Ağakişiyevlə birlikdə idik və bu günə qədər də deyir ki, sən heç ağlamadın. O məndən daha çox stress keçirdi. Bir daha qeyd edirəm ki, mənim hissiyatım çox güclüdür. Öncədən hiss etdiyim üçün çox da təəccüblənmədim. Əksinə bitməsinə sevindim. Çünki çox yorulurduq. Hətta müsabiqədəki favoritlərim də başqaları idi. 

-    Hazırda istədiyiniz pilləyə çatmısınız?

-    İstədiyim pilləyə çatmamışam, amma yolumu düz tutmuşam. Ambisiyalarım çox böyükdür. 

-    Estradamızda yetəri qədər ulduz adlandırılan ifaçılar var. Bəs sizə görə ulduzluq meyarı nədir?

-    Ulduz olmaq böyük auditoriyaya sahib olmaq deməkdir. Əgər ifaçı və ya aktyor geniş auditoriya qazanıbsa, o zaman ona ulduz statusunu vermək olar. Heç kim kiməsə elə-belə ulduz demir. 

-    “YouTube”da milyonluq yerli mahnıların keyfiyyətindən razısınız?

-    Həmin mahnılar o qədər diqqət çəkibsə, deməli burada nə isə var. Mahnılarda hər zaman sözlərə diqqət edirəm. Görürəm ki, sadə sözlər olur, amma insanın ürəyində özünə yer tapır. Dinlədiyim janrları bilsəniz bəlkə də inanmazsınız. Sözügedən mahnılar arasnda da sevdiklərim var. Hətta dostlarım da buna təəccüb edirlər. 


-    Söhbət çoxu tərəfindən qınanılan mahnılardan gedir?

-    Bəli. Amma elə insanlar da var ki, bunu bildirmirlər. Təklikdə məhz o mahnılara qulaq asırlar.

-    Keyfiyyətli musiqiyə maraq niyə azdır?

-    Çünki keyfiyyətli musiqi azdır. Ona görə də maraq o qədər də çox deyil. Kütlə dinləyəcəyi mahnını özü seçir. İnsanlar sevinmək, oynamaq istəyir. Bəlkə də buna görədir ki, o mahnılara qulaq asırlar. Buna görə də heç kimi qınamıram. Çünki keyfiyyətli musiqini sevənlər axtarıb tapır. 

-    İnsanda musiqi zövqünü nə formalaşdırır və zaman keçdikcə bu dəyişə bilərmi?

-    Düşünürəm ki, dəyişə bilər. Mən klassik musiqi məktəbi keçmişəm. Buna görə də öncə klassik, sonra isə cazz musiqisi dinləmişəm. Bunlar dünya musiqisi sayılır və bazası çox zəngindir. Elə bu səbəbədən də keyfiyyətli musiqi zövqümün formalaşması normaldır. Ümumiyyətlə isə ən çox dinlədiyin musiqi elə zövqünü də formalaşdırır. 

-    Son təqdim etdiyiniz mahnınız “Sevgi qəfəsi” oldu. Digərləri ilə müqayisədə bir qədər də fərqli idi. Reaksiyalar necə oldu?

-    Sonuncu ilə bərabər bütün mahnılarımda reaksiyalar çox yaxşı idi. Demək olar ki, neqativ şərh yox idi. Çalışdıq axırıncı mahnını bir az fərqli janrda edək. Orada etnik çalarlar var. Bütün mahnılarımı çalışıram ki, milli motivlərimizin üzərində edim. Məncə bu şirinlik qatır. Gənclərimizin arasında Azərbaycan dilində ingilis tipli mahnılar eşidəndə heç xoşuma gəlmir. Çünki ingilis tipli mahnını Azərbaycan dilində oxuyanda insanlara xoş gəlmir. 

Teymur Məmmədov
Video: Fərid Şabanov
Foto: İlqar Məhərrəmov