Azərbaycan MÜHARİBƏNİN ASTANASINDA: Ermənistan PKK terrorçularını NİYƏ Dağlıq Qarabağa yığıb? – “TEZLİKLƏ...” -  POLİTOLOQLAR AÇIQLADI
    • 21-09-2020, 16:47
    • 2 558

Azərbaycan MÜHARİBƏNİN ASTANASINDA: Ermənistan PKK terrorçularını NİYƏ Dağlıq Qarabağa yığıb? – “TEZLİKLƏ...” - POLİTOLOQLAR AÇIQLADI

Yayılan məlumatlara görə, PKK terrorçuları Azərbaycan Ordusuna qarşı hücuma hazırlaşır. Bir neçə gün öncə İranın keçmiş səfiri PKK terrorçularının Qarabağ ərazisinə köçürüldüyünü bildirmişdi. Dünən isə “Cairo24” xəbər agentliyi Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın PKK terrorçularının Qarabağa daşınma marşrutu ilə bağlı cızdığı planı nəşr edib. 

Həmçinin, dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu gün isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. 
 
News24.az son hadisələri təhlil etmək üçün ekspertlərin fikirlərini öyrənib. 

Politoloq Qabil Hüseynli News24.az-a açıqlamasında bildirib ki, PKK terrorçularının Azərbaycan ərazisinə yerləşdirilməsi barədə məlumat həqiqətə tam uyğundur:


“Artıq 100-dən çox PKK terrorçusunun Dağlıq Qarabağ ərazilərində xüsusi bir düşərgədə yerləşdirildiyini və döyüşlərə hazırlaşdığını göstərən məlumatlar var. Bu günə qədər gələn məlumatlarda İranın adı çəkilmirdi. İran artıq Azərbaycana qarşı açıq həmlələr edib. İran PKK terrorçuları başda olmaqla Rusiyadan gələn silahların Dağlıq Qarabağa yönləndirilməsi və bütün yanacaq materiallarının göndərilməsini təmin edir. Zənnimcə, İranla sərt formada danışmağın vaxtı çatıb. Rəsmi İran Ermənistanın Azərbaycana güc və qüdrətinin artması istiqamətində çalışır. Əvvəlcə İrandakı Azərbaycanlılara müraciət etmək olar. Oradakı azərbaycanlılara ən azından hər hansı bir qurum və ya siyasi partiya səviyyəsində müraciət edərək, onları doğma vətənləri Azərbaycan Respublikasını müdafiə etməyə, İran dövlətinin qeyri-qanuni hərəkətlərini isə ifşa etməyə çağırış etmək lazımdır”.

Q.Hüseynli vurğulayıb ki, İrana qarşı bu mövzuda Azərbaycan fəallarından istifadə etməliyik: “Vacib məqam isə budur ki, ən qısa müddətdə İsraildə Azərbaycanın səfirliyini açmaq lazımdır. İranın bu cür düşmən mövqeyində hərəkətləri davam edəcəksə, Azərbaycan ərazisində İrana düşmən olan qüvvələrin yerləşdirilməsinə şərait yaradılacaq. Biz bunu etməsək də, çəkindirən amil kimi istifadə etmək olar.
 
Bu məsələdə sözsüz ki, Rusiya da böyük rol oynayır. Rusiya ilə münasibətlər başqa istiqamətdə inkişaf edəcək. Azərbaycan yəqin ki, PKK terrorçularına qarşı birgə antiterror əməliyyatlarının keçirilməsi barədə Türkiyə ilə məsləhətləşmələr aparır. Hər halda İrəvan bilməlidir ki, onun bu cür riyakar əməlləri artıq bütün normaları keçib. Ermənistanın son əməlləri beynəlxalq hüquqa meydan oxumaqdır”. 

Politoloqun fikrincə, yaranmış mövcud vəziyyət və Ermənistanın terrorçu ünsürlərlə bizi hədələməsi onlarda müharibə ritorikasının artdığını göstərir: “Azərbaycan ermənilərin hücumuna hazır olmalı və vəziyyətdən istifadə edərək, ərazi bütövlüyümüzü bərpa edilməsi istiqamətində irimiqyaslı hərbi əməliyyatların aparılmasına hazır olmalıdır. Bu, üzümüzə gələn vaxtlarda baş verə bilər”. 

Politoloq, Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədovanın fikrincə, Qarabağda və ya Ermənistan Azərbaycan sərhədlərində başlayacaq savaş artıq iki ölkə arasında yox, burada marağı olan güclərin müharibəsi olacaq:


“Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan, Fransa, İsrail, Yaxın Şərqin ərəb ölkələrindən olan muzdlular və terror təşkilatları bu müharibədə iştirak edəcəklər. Türkiyənin Azərbaycana hərbi dəstəyi Ermənistanı və onun arxasındakı gücləri olduqca təşvişə salıb. Ermənistan öz ordusunun zəif olduğunu və eyni zamanda böyük güclərin savaş poliqonu olduğu üçün bu savaşda özünə hərbi müttəfiqlər taparaq, onları Azərbaycan və Türkiyəyə qarşı istifadə etməyə çalışır. PKK-nın Qarabağda yuva salması yeni hal deyil, eyni zamanda ASALA terror təşkilatının da MDB məkanında, o cümlədən, Ermənistan, Gürcüstan, Rusiya və Ukraynada fəaliyyətinə dair təkzibolunmaz faktlar var”. 

N.Məmmədova Ermənistanın terror təşkilatlarının gücündən istifadə etməsinin ilk hal olmadığını vurğulayıb:

“Görünən odur ki, Ermənistan savaşa başlayarkən yenidən terror təşkilatlarının yardımından faydalanmağa çalışacaq. Bu da təbiidir. Türkiyə rəsmi şəkildə dəfələrlə öldürülən və həbs edilən PKK terrorçularının içərisində, yaxud da soyadını dəyişmiş ermənilərin olduğunu bəyan edib. Bir neçə il əvvəl PKK-nın Türkiyəyə və onun enerji maraqlarına qarşı Kərkük-Yumutalıq və Bakı-Ceyhan xətti üzrə təhdid yarada bilmə ehtimalı var idisə, hazırda Cənub Qaz dəhlizi enerji xətlərinə təhlükə məsələsi gündəmdədir və bu ilin iyulunda baş verən hadisələr bunu sübut etdi. PKK-nın Türkiyəyə qarşı savaşı hər yerdə davam edir və Türkiyənin ona cavabı da çox güclüdür. Heç təsadüfi deyil ki, PKK-nın yaranması İraqın şimalında Türkiyənin neft-boru kəmərlərinin çəkilməsinə qarşı addımlardan biri idi. Bu gün də onu Türkiyəyə və onun müttəfiqi Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Qarabağ həmin savaşın növbəti poliqonlarından biridir”.

Politoloq İlqar Vəlizadə Ermənistanın sərhədyanı bölgələrdə aktivliyininin səbəblərini belə izah edib:


“Faktlar bunu deyir ki, Suriyanın şimalında YPG-nin nəzarət etdiyi ərazilərdə ermənilərin xüsusi təlim düşərgəsi var. Bu düşərgə haqqında məlumatlar hərdənbir sızdırılıb. Ermənistan rəhbərliyi də dolayı yolla bu məlumatı təsdiqləyib. Onlar bildirib ki, Suriyanın şimalında ermənilər yaşayır və özlərini müdafiə etmək üçün müəyyən dəstələr yaradıblar. Aydındır ki, Ermənistan hakimiyyəti bunu dilə gətirirsə, deməli, əlaqələri də var. 

Eyni zamanda Suriyada erməni qoşunları var. Onlar Rusiyaya dəstək olan hissədə müxtəlif işləri icra edirlər. Əlaqələr varsa, çox güman ki, gec-tez bu düşərgədə təlim alan ermənilər Dağlıq Qarabağda da peyda olacaqdılar. Onlar xüsusi təlim keçmiş şəxslərdi. Türkiyə qoşunlarına qarşı döyüşdükləri və praktikaları olduğu üçün Azərbaycan ordusuna qarşı da istifadə edilə bilər. Bu adamlar çox təhlükəlidir. Çünki mahiyyət etibarilə terrorçudurlar. Bu terorçuları regiona gətirmək və onlara havadarlıq etmək o deməkdir ki, Ermənistan regionda terroru dəstəkləyir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu qeyd edib ki, Beyrut partlayışından sonra Livan ermənilərinin Ermənistana kütləvi köçü başladı:


“Ermənistan hakimiyyəti bunu gizlətmir. Həmçinin xəbərlər yayılıb ki, PKK terrorçuları Dağlıq Qarabağa yerləşdirilib. Bu məlumat mümkün versiya kimi görünür. Çünki Türkiyə ordusu İraq və Suriyada PKK-çıları təqib edir və onlar böyük itkilər verir. Bu itkiləri verdikləri üçün onlar özlərinə təhlükəsiz məkan axtarırlar. Hesab edirlər ki, Dağlıq Qarabağda Azərbaycanın işğal etmiş ərazilərində məskunlaşmaq onlar üçün təhlükəsizdir. Bu cür məskunlaşma Azərbaycana təhlükələr yaradır. Azərbaycan bu məskunlaşmanı nəzərə alaraq, hər an hərbi əməliyyata başlaya bilər. Bu, həmçinin Türkiyə üçün təhlükə yaradır. 

E.Şahinoğlunun sözlərinə görə, Türkiyə PKK-nın Dağlıq Qarabağda yerləşməsini əlində rəhbər tutaraq, Azərbaycanla birgə hərbi əməliyyatda iştirak edə bilər: “Prezidentin dünənki çıxışında Ermənistanın təxribatlarına sərt reaksiyası açıq işarədir ki, toqquşmanın reallaşma ehtimalı böyükdür. Bu, lokal və ya genişmiqyaslı hərbi əməliyyat ola bilər. Əsas məsələ budur ki, Rusiya proseslərə müdaxilə etməsin. Çünki iki dəfə müharibə ehtimalı oldu və hər dəfə də Rusiya Ermənistanı dəstəklədi. Ancaq biz bu amilə görə hərəkət etməli deyilik. Türkiyə ilə iyul ayından etibarən keçirilən hərbi təlimlər hələ də davam edir. Düşünürəm ki, bunları nəzərə alaraq regionda vəziyyətin dəyişmə ehtimalı çox yüksəkdir. 
İrana gəldikdə isə onlar bu prosesdə birbaşa iştirak etməyəcək. Ermənistana imkan yarada bilər. Ancaq İran Rusiya kimi Ermənistana hərbi yük və yardım etməyəcək. Müəyyən üsullarla İrandakı siyasi mərkəzlər Ermənistana dəstək verə bilərlər. Rusiya və İran faktoru olduğuna görə biz bu məsələləri Türkiyə ilə birgə həll etməyə çalışmalıyıq”. 

Məhərrəm Əliyev