Qurban Qurbanov: "Hamı qələbədən başqa bir nəticə gözləmir" - MÜSAHİBƏ
    • 9-10-2018, 17:14
    • 944

Qurban Qurbanov: "Hamı qələbədən başqa bir nəticə gözləmir" - MÜSAHİBƏ

“Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm”.
Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının III turundan Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi brifinqdə deyib.
46 yaşlı mütəxəssis Heydər Əliyev Beynəlxaq Hava Limanından jurnalistlərlə suallarını da cavablandırıb.
- Qələbənin qrupdan çıxmaq baxımından vacib olmasını təzyiq, yoxsa motivasiya saya bilərik.
- Əlbəttə, təzyiq var. Görünən odur ki, hamı qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçularda təzyiq yaradır. Bunu hər zaman normal qarşılamışam. Belə olduğu halda bizim, eləcə də futboçuların məsuliyyəti daha da artır. Futbolun silinməyən qanunlarından biridir. Belə tələblər çox olur. Bunu təzyiq yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza təsir etməsin.
Rüfət Dadaşovun uzun aradan sonra yığmaya çağırılması barədə nə deyə bilərsiniz?
- Hamı özünü yaxşı tərəfdən göstərir. Problemimiz vaxtımızın çox az olmasıdır. Rüfət də komandaya gec qoşulanlardandır. Almeydandan bir məşq artıq edib. Onların gücünü tam bilmək üçün istədiyimiz məşqləri edə bilməmişik. Dadaşov yığmaya qayıtmasına şaddır. Şans verəcəyimiz təqdirdə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Dəfələrlə demişəm ki, heyətdə dəyişiklər ola bilər.
- Yolun uzunluğu və oktyabrın 11-də Farer adaları ilə səfər matçından 3 gün sonra evdə Malta ilə oynamaq nə dərəcə təhlükə yarada bilər?
- Təhlükə deməzdin, böyük problem olacaq. Bu gün 12 - 14 saat yolda olacağıq. Bu, az vaxt deyil. Ən pisi odur ki, təyyarə dəyişəcəyik. Bu da futbolçularda yorğunçuluq yaradacaq. Həm də uyğunlaşma problemi ola bilər. Getmək üçün yox, qayıtmaqdan narahatam. Çünki futbolçular güclərini meydanda qoyacaqlar. Geri dönən zaman yorğunçuluq amili olacaq. Amma başqa çıxış yolumuz yoxdur. Hər bir halda ən düzgününü etməyə çalışacağıq.
//report