Cəbhəyanı bölgələrdə 650 yeni ailə təsərrüfatı yaradılıb
    • 7-10-2020, 10:04
    • 454

Cəbhəyanı bölgələrdə 650 yeni ailə təsərrüfatı yaradılıb

Təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi,mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən xəbərə görə, təkcə son bir ayda nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar.

Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib. Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.

Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub. Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.