Azərbaycan Televiziyalarında QADAĞA – “Ermənistana dəstək olan aktyorların FİLMLƏRİ EFİRƏ VERİLMƏYƏCƏK”
    • 31-10-2020, 16:01
    • 1 195

Azərbaycan Televiziyalarında QADAĞA – “Ermənistana dəstək olan aktyorların FİLMLƏRİ EFİRƏ VERİLMƏYƏCƏK”

Məşhur amerikalı aktyor Mel Gibson ötən günlərdə videomesaj yazaraq Dağlıq Qarabağdakı müharibədən narahat olduğunu bildirib: “Münaqişənin sülh yolu ilə həllində erməni xalqına dua edirəm. İşğal edilən Dağlıq Qarabağda qarşıdurmanın kəsginləşməsini dərin bir kədər hissi ilə öyrəndim. Burada ABŞ-da bir çox erməni dostum var və onlar əzablarından, yaxınlarını itirməkdən danışırlar. Bu çətin anlarda onlar üçün dua edirəm”.

O, böyük çətinliklərlə üzləşən erməni xalqına böyük hörmət etdiyini əlavə edib: “Ermənilər çox inadkar və səxavətli bir xalqdır. Bu insanların qabiliyyətləri, sizin və mənim bildiyim kimi, sonsuzdur. Dostlar, möhkəm olun, işinizi davam etdirin və Allah sizi qorusun” vurğulayıb. Mel Gibson videomüraciətində böyük güclərin müdaxiləsi ilə Dağlıq Qarabağdakı müharibənin dayandırılacağına ümid etdiyini də bildirib". 

Əvvəllər aktyor Şon Penn Ermənistana və işğal edilən Qarabağa dəstək olduqlarını dilə gətirib.

News24.az olaraq məlum aktyorların çəkildiyi filmlərin bundan sonra yerli televiziya kanallarında yayımlanıb-yayımlanmayacağı barədə Azərbaycan televiziyalarına sorğu ünvanladıq.  

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin - “ATV” prezidenti Azər Xəlilov qeyd edib ki, biz ölkəmizin düşmənlərinin mövqeyini dəstəkləyən istənilən aktyorların çəkildiyi filmləri, ifaçıları və ya onların konsertlərini efirə verməyəcəyik.

"Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev birmənalı şəkildə “yox, efirə verilməyəcək“-, deyə bildirdi. 

"Xəzər TV"-nin baş direktoru Murad Dadaşov tanınmış aktyorların bu cür mövqe bildirmələrinin onu məyus etdiyini dilə gətirib: 

“Mən düşünürdüm ki, bu şəxslər hansısa bir işi icra edirlərsə, böyük filmlərin müəllifləridilərsə, ən azından tarixdən xəbərdardırlar. Savad nümayiş etdirə bilərdilər. Bu kimi insanların Azərbaycan Televiziyalarında yayımlanması yaxşı hal deyil. Mel Qibson kimi vaxtilə hörmət bəslədiyim bir aktyorun qərəzli və savadsız mövqeyi məndə təəssüf hissi yaratdı. 

Bu, həmçinin bizim üçün gözəl bir fürsətdir ki, Azərbaycanın cəmiyyəti həm diplomatik, həm hərbi, həm də kommunikasiya müstəvisində genişlənsin. Bizim uzaqgörən Prezidentimiz, müasir, yüksək tələblərə uyğun Ordumuz var. Bu ərəfələr diasporamızın  möhkəmlənməsi növbəti addımımızdır. Azərbaycanlılar bütün dünyada olmalıdır. Hər yerə spələnməlidir. Bizim insanlar kommunikasiya dilini elə yüksək səviyyəyə qaldırmalıdırlar ki, dünyada hər bir məşhurun, böyük şirkətin, qurumun içərisində mütləq bir Azərbaycan soyadı olsun". 

Azərbaycan Televiziyasının – AzTV Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəis müavini Nigar Etibar vurğulayıb ki, Azərbaycanın apardığı vətən müharibəsində hər hansı aktyorun və ya müğənninin Ermənistan tərəfinə dəstək nümayiş etdirməsinin, düşmən ordusuna maliyyə yardımı göstərməsinin dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur: “Bu kimi faktlara heç reaksiya da verilmir. Dövlət başçısı bu kimi hadisələrlə bağlı çox gözəl şərh verib: “Biz bunlara öyrəşmişik”. Lakin həm də ölkəmizin haqq işində ədalətsizlik edənləri də unutmayacağıq. Bu səbəbdən düşmən tərəfi dəstəkləmiş aktyor və aktrisaların rol aldığı filmlər AzTV-də yayımlanmayacaq”.

"ARB" Televiziyası sorğumuza cavab olaraq düşmənin mövqeyinə dəstək verən şəxslərin filmlərinin yayımlanmayacağını qeyd edib.

P.S. İctimai Televiziya və Radio Yayımları Şirkəti isə sorğumuzu bazar ertəsi cavablayacaqlarını bildirdi. 

Məhərrəm Əliyev