"Ermənilər hər zaman olduğu kimi şərəfsizlik edir" - SİNAN AKÇIL - EKSKLÜZİV
    • 3-11-2020, 11:56
    • 838

"Ermənilər hər zaman olduğu kimi şərəfsizlik edir" - SİNAN AKÇIL - EKSKLÜZİV

Müğənni Səidə Quliyeva: "Ürəyim daima Azərbaycanımla döyünür" 

"İlk gündən sizin medianı yaxından izləyirəm, bütün hadisələrin təfərrüatları ilk olaraq sizin saytınız vasitəsilə agah oluram. Buna görə də sizə təşəkkürümü bildirirəm".

Bu sözləri News24.az-ın canlı yayımında Türkiyənin məşhur müğənnisi Sinan Akçıl deyib.

İfaçı bu yaxınlarda bəstələdiyi "Sən daima yaşa, Azərbaycan" mahnısından, həmçinin də həmyerlimiz müğənni Səidə Quliyeva ilə əməkdaşlığı barədə söhbət açıb: "Səidə ilə tamamilə başqa bir mahnı üzərində çalışırdıq. Bəstələdiyim lirik bir musiqini ifa etməliydi, amma qismət məhz "Sən daima yaşa, Azərbaycan"a oldu. İnanın ki, bu mahnını çox qısa zaman kəsiyində bəstələdim. Mən ruhumu, Səidə isə gözəl səsini işə saldı, dəstək oldu və nəticədə belə gözəl bir əsər yarandı. "İki dövlət, bir millət" bir daha yumruq kimi birləşdi. Bilirsiniz ki, mənim silahım musiqidir. Ona görə də bacardığımın ən yaxşısını eləməyə çalışdım. Azərbaycanda müğənni dostlarım var sağ olsunlar onlar da paylaşıb, dəstək oldular. Onlardan Xalq artistləri Miri Yusif və Aygün Kazımovanın adını çəkə bilərəm. Hətta inandırım sizi cəbhə bölgəsindən belə bizim mahnımıza həsr olunan videoçarxlar mənə atılıb. Deyirlər ki, sizin mahnınız bizə güc verdi, nə gözəl. Buna görə çox sevincliyəm. İnşallah qələbəyə həsr olunan bir mahnı yazacağam". 

Sinan Akçıl Azərbaycana olan sevgisini də dilə gətirib: "Hər zaman Azərbaycanı çox sevmişəm, amma indi daha çox bağlıyam sizə. 2014-cü ildə Heydər Əliyev Sarayında gerçəkləşən bir mükafatlandırılma mərasimində "İlin ən yaxşı müğənnisi" mükafatına layiq görülmüşdüm. İndi ən böyük arzum Qarabağda Səidə ilə birgə canlı-canlı mahnımızı səsləndirməkdir. Bir də ən çox Şuşanı görmək istəyirəm. Yəqin torpaqlarımız tam işğaldan azad olunduqdan sonra ilk ora gedərəm. Cənab Prezident İlham Əliyevin "Twitter" səhifəsini çox yaxından izləyirəm, hər şad xəbər gəldikdə çox sevinirəm".

Müğənni İzmirdə baş verən kədərli hadisədən söz açıb: "Çox təəssüf ki, başımıza belə bir hadisə gəldi, altmışdan çox vətəndaşımızı itirdik, bu çox üzdü bizi, amma yenə də burdan sizin çox böyük dəstəyinizi hiss edirik. Belə üzücü hallarda iki dövlətin bir-birini dəstəkləməsi çox dəyərlidir. Bilirsiniz ki, o cür dəhşətli zəlzələdən sonra üç yaşlı körpəmiz bir möcüzə nəticəsində xilas olundu. Bu, həqiqətən də möcüzə idi. Ümumilikdə onu deyə bilərəm ki, İzmir hadisəsi ürəyimizi çox yandırdı. Burdan elə sizin vasitənizlə Türkiyəmə baş sağlığı diləyirəm". 

Türkiyəli məşhur erməni vəhşiliyinə də toxunub: "Yaşananlar çox qorxuncdur. Bu mülki əhaliyə qarşı yönələn bir cinayətdir. Azərbaycan tək bir insanı hədəfə almadı, amma Ermənistan hər zaman olduğu kimi şərəfsizcəsinə, amansızcasına uşaqlarımızı, analarımızı qətlə yetirirlər. Çox üzücü bir durumdur, amma Azərbaycan Ordusu şəhidlərimizin intiqamını alır. Əminəm ki, çox az müddət sonra üçrəngli, ay-ulduzlu və qırmızı bayraqlarımız Qarabağda dalğalanacaq".

Sənətçi bir müddət öncə səsləndirdiyi "Mən də daxil olmaqla Azərbaycandan pul qazanan, hər dəfə möhtəşəm qarşılanan, sevgiyə boğulan müğənni dostlar, siz də bu məsələyə biganə qalmayın" fikirinə də münasibətini bildirib: "Bəli, biz hər dəfə Azərbaycana gələndə inanılmaz çox gözəl qarşılanılırıq, əl üstündə tutuluruq. Hətta bir dəfə Bakıda olanda küçəyə çıxdım, inanırsınız ki, yeriyə bilmədim. Hər kəs mənimlə şəkil çəkdirmək, öpmək, qucaqlamaq istəyirdi. Və bütün bunların fonunda sən çox gözəl qonorar da alırsansa, məcbursan ki bir reaksiya bildirəsən. Hətta məncə, sadəcə sosial şəbəkə üzərindən paylaşım eləmək belə azdır. Bu fikirləri yazdım və bildirdim ki, əlinizi qorxaq alışdırmayın, bir az cəsarətli olun. Zənnimcə, müharibə bitdikdən sonra Azərbaycan xalqı dəstək olmayanlara gərəkli cavabı verəcək". 

Türkiyədə yaşayan və Sinan Akçılla duet ərsəyə gətirən müğənni Səidə Quliyeva da yaşananlardan danışıb: "20 ildir Türkiyədə olmağıma baxmayaraq, ürəyim daima Azərbaycanımla döyünür. Nə olursa olsun hər zaman Vətənimin yanında olacağam. Əminəm ki, tez bir zamanda torpaqlarımız işğaldan azad olunar və bir qələbə konserti ilə Qarabağda çıxış edərik. Burdan bir daha gözəl əsərə görə həmkarım Sinan Akçıla təşəkkürümü bildirirəm. Bundan sonra da mahnımızı dinləyin və yaşadın". 

Sonda sənətçilər News24.az-ın izləyiciləri üçün "Sən daima yaşa, Azərbaycan" mahnısını canlı olaraq ifa etdilər.

Sevda Bayramova