"Şuşadan çıxanda əkiz övladımı itirdim" - Şuşa sakini DANIŞIR - VİDEO
    • 8-11-2020, 19:57
    • 759

"Şuşadan çıxanda əkiz övladımı itirdim" - Şuşa sakini DANIŞIR - VİDEO

Qanlı 8 rəqəmi, şanlı 8 rəqəmi ilə əvəzləndi. Bu gün Qələbə Günüdür, tarixi bir gün! 28 illik Şuşa həsrətinə sonu qoyulan gündür bu gün! 

Bu gün yeni bir tarix yaşadıq. 28 ildən sonra mədəniyyət beşiyimiz olan Şuşa ilə aramızda olan səddi götürdük. 

Bu qələbənin fiziki memarı Azərbaycan Əsgəri, diplomatik memarı isə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevdir.  

News24.az bu tarixi günü Şuşa şəhərciyində şuşalılarla bərabər qeyd edir. 28 illik Şuşa həsrəti ilə burnunun ucu göynəyən bir ailənin sevincini sizinlə bölüşürük. Rövşən Əmiraslanov və Gültəkin Əsədova şəhərcikdə Şuşanın işğaldan azad olunma xəbərinə belə sevinir: "Bu gün sevincimdən hörkürtüylə ağladım. Şuşa və Xankəndi yolunda sizə belə kabab çəkəcəyəm. Bu günü hər zaman xəyal etmişəm və bunu Allah mənə nəsib etdi. Özüm 1992-ci ildən əliləm və bu gün də döyüşməyə hazıram. Bu dəqiqə Şuşaya gedib yaşamağa hazıram". 

Rövşən Əmiraslanovun həyat yoldaşı Gültəkin xanım Şuşanı tərk edəndə bətnində əkiz övladını itirib: "Şuşanı vertalyotla qucağımda körpəmlə bərabər tərk etmişəm. Həmin an iki əkiz övladımı bətnimdəcə itirmişəm. Dünən qucağımda Şuşanı tərk edən Natəvan qızımın 30 yaşı oldu. Onun adı Xürşidbanu Natəvanın şərəfinə qoyulub. Bu qələbə xəbərinə eşidən kimi dedim - Natəvan sən Şuşaya qovuşdun. Bu sevinc və xoşbəxt gün üçün cənab prezidentimizə təşəkkür edirəm. Onun qarşısında baş əyirəm! İllərdir axıtdığımız göz yaşını möhtərəm prezidentimiz unutdurdu! Şuşa, biz qayıdırıq! Qarabağ Azərbaycandır!"   

Reportajı təqdim edirik: 

Ülkər Qasımova
VİDEO: Fərid Şabanov