Bayraqla rəqs edən BDU-nun tələbəsi CƏZALANDIRILACAQ - EKSKLÜZİV
    • 24-11-2020, 18:50
    • 2 425

Bayraqla rəqs edən BDU-nun tələbəsi CƏZALANDIRILACAQ - EKSKLÜZİV

Son günlər sosial şəbəkələrdə ajiotaja səbəb olan bir video peyda oldu. Məlum videoda bir tələbənin Azərbaycan bayrağı ilə hörmətsiz formada rəqs edərək, virtual dərsi böldüyü müşahidə olunur. Sonradan bəlli oldu ki, həmin tələbə BDU-da təhsil alır. Video yayıldığı andan etibarən ciddi qınağa səbəb oldu. 

Ortaya iki sual çıxır: “Gəncdir, bir səhvdir edib” deyərək görməzdən gəlmək lazımdır, yoxsa müəyyən cəza tədbirləri həyata keçirilməlidir? 

Pafosa yol vermədən düşünəndə ki, o bayraq uğrunda canından keçən, daim dalğalanması üçün son damla qanına qədər vuruşan igidlərimiz şəhid oldu, artıq həmin kadr “səhv” yox, tərbiyəsizlik rakursuna keçir. Bu dəfə görməzdən gəlinsə, növbəti dəfə eynisini təkrarlayar, ya yox, məsələ bu deyil. Məsələ bayrağın dəyəridir. O bayraq uğrunda neçə körpə atasız qaldı, neçə ailə evin tək övladını itirdi, neçə igidimiz qazi oldu. Axı o bayraq təkcə bir parçadan ibarət deyil. O bayrağın üzərində bir xalqın tarixi, keçmişi və gələcəyi var. Hər şey bir yana, həmin tələbə ən azından şəhid atasının “Vətən sağ olsun” cümləsindən utanmalı idi.

Məsələni aydınlaşdırmaq üçün News24.az olaraq Bakı Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxladıq. 

Sorğumuza cavab olaraq BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva tələbə ilə bağlı cəza tədbirlərinin görüləcəyini və bununla bağlı ətraflı məlumatın veriləcəyini bildirildi.