14 yaşlı qızın nişanlanmasına deputatdan reaksiya: “Dövlətin buna GÜCÜ ÇATMIR” - VİDEO
    • 8-02-2021, 16:19
    • 826

14 yaşlı qızın nişanlanmasına deputatdan reaksiya: “Dövlətin buna GÜCÜ ÇATMIR” - VİDEO

Gürcüstanın Soğanlı kəndində yaşayan azərbaycanlı ailəsinin 2 azyaşlı övladının nişanlanması barədə sosial şəbəkələrdə xəbər yayılıb. Kəndin ictimai fəalları bildirib ki, mərasim “sözkəsdi” adı ilə keçirilib, qızın 14, oğlanın isə 16 yaşı var. Verilən məlumata əsasən, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkintilk yaşına çatan kimi nikaha daxil olmağı planlaşdırırlar.

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan hüquqşünas, detektiv yazıçı Müşfiq Abbasov bildirib ki, bu hadisə Gürcüstan Respublikasında baş verdiyinə görə məsələyə də ancaq həmin dövlətin qanunvericiliyinə uyğun hüquqi qiymət verilə bilər: 


“Əgər oxşar hadisə bizim ölkəmizdə baş versəydi, burada hər hansı bir cinayət tərkibindən söhbət gedə bilməzdi. Çünki nişan mərasimi nikaha girmək anlamına gəlmir. Yalnız nikaha girməyə məcbur etmə bizim ölkədə cinayət məsuliyyətinə səbəb ola bilər. Azərbaycan Respublikası CM-nin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan qadını nikaha girməyə məcbur etmə üç min manatdan, dörd min manatadək cərimə və dörd ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Həmçinin, qızın razılığı olsa belə, əgər o, 16 yaşına çatmayıbsa, onunla cinsi əlaqədə olmaq cinayətdir. Nişan isə adi bir mərasimdir və bu mərasimin heç bir hüquqi məsuliyyəti yoxdur. Bunun yalnız mənəvi və əxlaqi tərəfləri var. Uşaqları bu məsələlərə sövq etmək, uşaq hüquqları ilə bağlı dünyada qəbul olunmuş bütün konvensiyaların tələblərinə ziddir. Bu, həm də valideynlərin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi deməkdir. Bizim Konstitusiya ilə də kəskin ziddiyyət təşkil edir. Həmin valideynlərlə ciddi söhbət aparılmalı və bunun əxlaqi və mənəvi tərəfi onlara başa salınmalıdır”.

Milli Məclisin deputatı Fazil Mustafa vurğulayıb ki, bu məsələ faciəyə bərabərdir: 


“Bu məsələnin altında Azərbaycanın xəstə din anlayışı durur. Valideyn xəstə, dünyagörüş isə məhduddur. Bizim problemimiz məhs bu xəstə düşüncənin geniş yayılmasından ibarətdir. Cahilliyin isə başqa bir adı yoxdur. Bu cahil alt qatından xilas olmalıyıq”. 

Deputat məsələnin çıxış yolunu insanların savadlanmasında gördüyünü deyib: “Kimi qınayaq? Nadan valideyn övladının taleyini düşünmürsə, bunu necə həll edək? İnsanlarımız xəstə din anlayışına sahibdilər. Allah qalıb qıraqda, tamam başqa bütlərin ətrafında özlərinin istədiyi şəkildə din yaradıb, yaşayırlar. Belə bir axmaq adət-ənənəni yaşadan cəmiyyət olduqca çox şey dəyişməyəcək. Bir fərd cahil və ya savadsız ola bilər, amma çoxluqda eyni tendensiya olduqda, bunu dəyişmək çətin olur. Bu məsələlər bizim Milli Məclisdə diqqətə çatdırılır. Bizdə bununla bağlı qadağa olmasa, kütləvi halda yayıla bilər. Çünki cəhalət o qədər inkişaf edib ki, dövlətin bununla mübarizə aparmağa gücü yoxdur. Çıxış yolu ən alt qata qədər təhsilsiz uşağın qalmamasıdır. Azərbaycanın ən ucqar kəndində olan uşaq belə savadlanmalıdır”. 


Yayılan  məlumatla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də feysbukda paylaşım edib. O qeyd edib ki, sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb: “Bildiyim qədər, qızlarını bu yaşda “ərə” verib “xoşbəxt” etmək bu kəndin adətidir. Baxın və susun...”- deyə QHT sədri vurğulayıb. 

Məhərrəm Əliyev