"İnsanları virusa YOLUXDURMAQ ÜÇÜN metronu bağlı saxlayırlar" - Ekspertlər AÇIQLADI
    • 16-02-2021, 16:39
    • 563

"İnsanları virusa YOLUXDURMAQ ÜÇÜN metronu bağlı saxlayırlar" - Ekspertlər AÇIQLADI

Metronun uzun müddət qapalı qalması avtobuslarda sıxlıq, yollarda isə tıxacı artırır. Bu qərardan narazı olan insanların sayı isə artmaqdadır. Vətəndaşlar maşrutda sıx vəziyyətdə hər hansısa bir mənzilə gedirsə, onlar COVID-dən qorunağı bacarırlarmı? Yaxud da maska hər şeyi həll edirmi? Metronun hazırkı vəziyyətdə açılması labüddürmü?

News24.az bu məsələlərlə bağlı millət vəkillərinin fikirlərini öyrənib.


Fazil Mustafa hesab edir ki, metronun qapalı qalması insanları COVID-ə daha çox yoluxdurmaq üçün düşünülmüş bir addım kimi başa düşülür: “Çünki metronun qapalı qalmasının heç bir mənası yoxdur. Avtobuslarda olan sıxlıq vətəndaşları daha çox yoluxdurur. Vətəndaşlar 3 maşrut dəyişərək işə gedirlər. Onlar zülm çəkirlər. İnsanlar ikiqat xəstələnir və daha çox yoluxurlar.

Metro təcili açılmalıdır. Bu cür mənasız addımı niyə atırlar, anlamıram. Söhbət təkcə vətəndaşın vəziyyətindən getmir, həm də onun təhlükəsizliyindən gedir. Bu baxımından metronun qapalı qalması çox ciddi problem yaradır”.  


Musa Qasımlının fikrincə, orta və ali məktəblərdə dərslərin başlanması avtomatik olaraq nəqliyyat məsələsinin də həllini irəli sürür: “Çünki yerüstü nəqliyyat vasitələri bu yükü daşıya bilmir. Avtobuslarda həddindən artıq çox sıxlıq olur. Maşrutlara tələbatı ödəyəcək qədər avtobus buraxmaq imkanı var ya yox, bu barədə dəqiq rəqəm deyə bilmərəm. Belə bir sual yaranır: Metronun açılması zəruridirmi? Yaxud da açılacağı təqdirdə hansı şərtlər olmalıdır? 

Məncə, yerüstü nəqliyyatın bu yükü daşımağa gücünün çatmadığını nəzərə alsaq, metronun işə düşməsi ilə bağlı düşünməyə dəyər. Ancaq bu zaman bir sıra məsələlərə diqqət yetirilməsi faydalı olardı. Məsələn, metro xəttlərinə əlavə qatarlar buraxmaq imkanı olsa, yaxşı nəticə əldə edərik. Yəni, qatarlar arasında məsafə çox olmalı deyil. Belə olacağı təqdirdə paralel şəkildə sıxlıq da az olmalıdır. Digər bir məsələ metronun havalandırılma sistemi və təhlükəsizliyidir. Əvvəlkindən qat-qat yüksək olmalıdır. Eyni zamanda, sosial məsafənin də qorunmasında fayda var. Metro stansiyalarına daxil olan şəxslərin hərarətinin ölçülməsi məsələsi xeyli çətindir. Çünki gün ərzində metroya minlərlə adam daxil olur. Onların temperaturunu ölçmək imkanı yoxdur. Bütün hallarda metronun bəlli şərtlərlə açılması barədə müsbət qərar qəbul etmək faydalı olardı”.


Elman Nəsirov vurğulayıb ki, qapanma ilə atılan addımlar zəruri hesablamalara söykənir: “COVID-19-la mübarizədə müsbət nəticələr var. Sağalma faizi yoluxmanı kifayət qədər üstələyib. Bu da görülmüş ardıcıl sistemli işlərin nəticəsidir. Eyni zamanda, yüngülləşmə prosesi də adekvat şəkildə həyata keçirilir. İnsanları ən çox narahat edən məsələlərdən biri metronun nə zaman açılmasıdır. Bu məsələdə müəyyən qədər gözləmə mövqeyindəyik. Əvvəlki dönəmlərdə də analoji addımlar atılarkən, yəni metro açılandan sonra anidən yoluxma sayında artım müşahidə edildi. Belə olan halda Operativ Qərargah bir qədər ehtiyyatla yanaşır. Mütəxəssislərlə bu məsələlər analiz edilir. 

Mənə elə gəlir ki, vaksinasiya prosesi genişlənib, daha çox əhalini əhatə etdikcə və yoluxma faizi də kəskin düşdükcə, metropolitenin açılması məsələsi müzakirə edilə bilər. Bunun üçün ciddi səbəblər yaranmış olacaq. Hazırda isə biz bu məsələ ilə bağlı mütəxəssis mövqeyinə əsaslanaraq, qərarlar qəbul edildiyini görürük. Metropoliten bu gün açılmayıb və öz fəaliyyətini bərpa etməyibsə, deməli, sahə üzrə mütəxəssislərin qənaəti budur ki, bir qədər gözləməliyik. Metropolitenin yaxın zamanlarda açılması istisna hal deyil və gözləniləndir. Bu məsələ pandemiya ilə mübarizə prosesində əldə ediləcək nailiyyətlərdən asılı olacaq”.  

Məhərrəm Əliyev