Yalçın Rzazadə son mənzilə ALQIŞLARLA YOLA SALINDI - VİDEO - FOTOLAR
    • 23-02-2021, 12:41
    • 721

Yalçın Rzazadə son mənzilə ALQIŞLARLA YOLA SALINDI - VİDEO - FOTOLAR

Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib. 

News24.az-ın məlumatına görə, mərasim Xalq artistinin evinin önündə baş tutub. 

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Mirnazim Əsədullayev, Teyyub Aslanov və digər incənəsət və mədəniyyət  nümayəndələri iştirak edir.


Gülyanaq Məmmədova News24.az-a açıqlamasında Yalçın Rzazədinin ölümündən kədərləndiyini deyib: "İncəsənətimizə ağır itkidir. Bu gün əziz sənətkarımızı son mənzilə yola salırıq. Həmişə nəğmələri ilə qəlbimizdə yaşayacaq. İfaları və səsinin sehri heç vaxt itməyəcək. 
Onun ifaları ilə böyüdük.  Mahnılarına mən və Gülyaz Məmmədova da müraciət etmişik. Çox kövrək insan idi. Hər zaman əlaqə saxlayırdım. Tədbirlərdə çox iştirak edirdik. Çox səmimi və sadə insan idi. Xəstə olan zaman da əlaqə saxlamışam. Hətta Türkiyədə müalicə olanda demişdim ki, sizi özüm qarşılayacam. Buna imka vermədi, xəstəliyinə görə utanırdı. Bakıya gəldikdən sonra mənimlə əlaqə saxladı. Dedi ki, yaxşı olacam".


Vida mərasimindən sonra mərhum xalq artisti Yalçın Rzazadənin cənazəsi alqışlar sədası altında Lənkəranın Liman qəsəbəsinə aparılıb. Mərhum sənətkar elə o ünvanda torpağa tapşırılacaq. 


Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl Türkiyədə olunmuşdu.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Onun sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.


Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən - Böyük Simfonik və Estrada - Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin  Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.


Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qayınana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov