“Müharibədə qorxmadan döyüşdüm, indi ayaqaltı olmuşam” – QARABAĞ QAZİSİ - VİDEOREPORTAJ
    • 23-02-2021, 18:58
    • 564

“Müharibədə qorxmadan döyüşdüm, indi ayaqaltı olmuşam” – QARABAĞ QAZİSİ - VİDEOREPORTAJ

Bu gün Novruzun müjdəçisi olan su çərşənbəsidir.
 
Biz ömrümüzə yeni bahar gətirən bu günü II Vətən müharibəsinin iştirakçılarından birinin evində qeyd etməyi düşündük. 
News24.az olaraq məhz bu məqsədlə də onlardan birinin –  qazi Aslan Tağıyevin evinə yollandıq. Amma qapıda qarşılaşdığımız mənzərə çərşənbə ovqatımızı təlx elədi. Qazimizin yaşadığı ev acınacaqlı halda idi. 


Qeyd: II Qarabağ müharibəsinin iştirakçısı Tağıyev Aslan Varis oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, gərgin döyüşlər nəticəsində kəllə-beyin travması alıb, bir gözü zədələnib. Aldığı ağır xəsarətlərə rəğmən, döyüşü sona qədər davam etdirib. 
 
Məişət şəraiti bərbad olan qazimizin bizi görüncə, dərdi açıldı: “Görürsünüz də, dözülməz şəraitdə yaşayıram. Qışın günündə evimdə qızdırıcı yoxdur. Hamam, ayaqyolu işləmir. Suda ki, saatla gəlir.  Mətbəxi daha demirəm. Neçə illərdir bir soyuducu almağa imkanım çatmır...” 
Söhbət boyu qazimizin gah həyəcanla fikirlərini yarıda saxladığını, gah da evdəkilərə ixtiyarsız səsini qaldırdığını müşahidə elədik. Hiss olunurdu ki, yaşadıqlarından dolayı çox əsəbi və gərgindir. Bunu özü də etiraf elədi: “Özümdən çıxanda uşaqlarımı belə döyürəm. Həmin an iynəmi vurmasalar, qabağımdakı adamı düşmən kimi görürəm. Elə bilirəm, yenə döyüşdəyəm. Hər yeri qırıb-dağıdıram. Məni saxlaya bilmirlər. Çox pis vəziyyətdəyəm. Əsəblərim tamam pozulub. Ona görə də kömək, xalqımdan dəstək istəyirəm”. 


Qazimiz deyir ki, indiyədək rəsmi qurumlardan heç bir yardım, dəstək almayıb: “Hansı qapıya gedirəmsə, bir-birinin üstünə göndərirlər. Heç bir qurum kömək eləmir. Əlbəttə, Vətən üçün vuruşmaq şərəfdir və bu, mənim borcumdur. Torpağım, üçün ölümə də hazır idim. Elə ona görə də müharibə başlayan kimi könüllü getdim. Amma o odun-alovun içindən qayıdanda insan diqqət, mehribanlıq umur. Bəs, günahım nədir ki,  məni ayaqaltı vəziyyətə salıblar?! Yetim oğlanam. Anam dünyasını dəyişib. Atam isə yox kimidir”. 


Aslanın həyat yoldaşı da vəziyyətlərinin yaxşı olmadığını vurğuladı: “Aslan indi heç yerdə işləmir. Heç yandan gəlirimiz yoxdur. Ona görə də belə şəraitsiz, ətrafı zibillik olan ucuz bir evə sığınmışıq.  Uşaqların əyin-başı, kitab-dəftərini demirəm hələ...
Sağlamlığı da göz qabağındadır. Bəzən elə həddə çatır ki, gözü heç kimi görmür. Uşaqlara bir xətər yetirəcək deyə qorxuram. Müalicəsi gecikdikcə, vəziyyəti pisləşir”.
Qazimizin və xanımının dediklərini ürək ağrısı ilə dinlədik. Ümid edirik onların həyat şəraiti ictimailəşdikdən sonra ailəyə yardım edənlər, dəstək verənlər tapılacaq. 


Videomaterialda adıçəkilən bütün qurumların mövqeyini işıqlandırmağa hazırıq.
 
Müxbir: Məhərrəm ƏLİYEV
VİDEO: Hüseyn HƏSƏNOV
VİDEO: Fərid ŞABANOV