Kamran Əsədov: “Təhsil Nazirliyi inqilabmı edib?” – Onsuz da məktəblər YAXIN GÜNLƏRDƏ…
    • 2-03-2021, 16:55
    • 947

Kamran Əsədov: “Təhsil Nazirliyi inqilabmı edib?” – Onsuz da məktəblər YAXIN GÜNLƏRDƏ…

Təhsil eksperti Kamran Əsədov “Facebook” səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb. Bu post sosial şəbəkələrdə rezonans doğurduğu üçün Təhsil Nazirliyi çox keçmədən məsələyə münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yayılan məlumatın yanlış olduğunu və belə bir qərarın olmadığını deyib: “Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.

Məsələni araşdırmaq üçün Təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. 

O, News24.az-a açıqlamasında bildirib ki, keçən ilin postunu xatırlatma kimi yox, yanlışlıqla status kimi paylaşıb:

“Məqsədim sadəcə postu xatırlatma kimi paylaşmaq idi. Orada səhvlik edə bilərəm. Ancaq onsuz da məktəblər bağlanacaq. Bu gün koronavirusa yoluxma statistikası 300-ü ötürsə, son 1 həftənin rəqəmlərinə baxsaq, düşünürəm ki, yaxın günlərdə - Novruz Bayramına qədər tədris ocaqları bağlanacaq. Bunu dəqiq ehtimal etmək olar. Bu qədər yoluxma ilə məktəblər davam edə bilməz. Ötən il 2-3 yoluxma halında tədris müəssisələri bağlanmışdısa, 300-dən çox yoluxma olduğu təqdirdə niyə davam edək? Təhsil Nazirliyi inkişaf və ya inqilabmı etdi? Yəni, xarici proqramların əlində qalmışıq”.

Məhərrəm Əliyev