Sərkisyan Bakıya necə “gəlib”? - ŞƏRH
    • 10-03-2021, 19:24
    • 357

Sərkisyan Bakıya necə “gəlib”? - ŞƏRH

Ermənistanın bəzi KİV-lərində yayılan məlumatlara görə, prezident Armen Sərkisyan ötən ilin noyabrın 17-də Bakıda olub. Armen Sərkisyanın təlimatı ilə Prezident Aparatı dərhal açıqlama yayaraq, xəbərin dezinformasiya olduğunu, Ermənistan dövlət başçısının noyabrın 17-də Bakıda olmadığını, ümumiyyətlə, həyatı boyu heç zaman Azərbaycan paytaxtına getmədiyini bəyan edib. Ortaya bir sual çıxır: Sarkisyanın Bakıda olması xəbəri niyə yayılıb və bu kimin maraqlarına xidmət edir?

Məsələni aydınlaşdırmaq üçün politoloq Əhməd Əlilinin fikirlərini öyrəndik.

O, News24.az-a açıqlamasında bildirib ki, bu məsələ müxalifətdən baş nazirliyə namizəd Vazgen Manukyanın Armen Sərksiyana olan qısqanclığından irəli gələn addımdır: “Vazgen Manukyan müxalifətin vahid namizədi kimi qalmağı arzulayır. İnsanlar anlayır ki, müxalifət uğursuzdursa, onun seçdiyi lider də uğursuz olur. Bu şəxs isə Vazgen Manukyandır. Hazırda anti-Paşinyan qüvvələri özləri üçün yeni lider axtarışındadılar. Faktiki olaraq, Ermənistanın siyasi səhnəsində Armen Sərkisyanın və Mikayıl Minasyanın adı tez-tez hallanır. Ermənistanın siyasi həyatında bu siyasətçilərin rolu daha çox ola bilər. Xüsusilə, son proseslər zamanı Armen Sərkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı oynadığı rol Ermənistan cəmiyyətində ona olan diqqəti daha da artırdı. Bu baxımdan A.Sərkisyanı Paşinyana bərabər tutmaq istəyirlər”.


Politoloq qeyd edib ki, Ermənistanda hadisələrin pik nöqtəsi geridə qaldı: “Proseslər bundan sonrakı dövrdə zəifləməyə doğru gedəcək. Bir şeyi də unutmamalıyıq ki, Ermənistanda ən qəribə hərbi çevrilişə cəhd baş verdi. Çünki normalda hərbçilər çevriliş edirsə, onlar ölkə başçısını iqamətgahını nəzarətə götürür və istefaya getməyə məcbur edirlər. Növbəti mərhələdə çıxıb elan edirlər ki, ölkədə hərbi çevriliş olub və hakimiyyət müvəqqəti olaraq hərbi qrupun əlindədir. Ermənistanda isə hərbçilər adi vətəndaşlar kimi bəyanat verdilər.  Ermənistan ordusu Qarabağ müharibəsindən sonra elə bir vəziyyətə düşüb ki, normal idarə etməyə qabil deyil. Ermənistan ordusu tədricən “generallar klubu”na çevrilir. Bu nəticə Azərbaycan Ordusunun qələbəsi ilə əlaqədardır”.  

Siyasət şöbəsi