Minarələr şəhəri- FOTOREPORTAJ
    • 26-03-2021, 15:11
    • 672

Minarələr şəhəri- FOTOREPORTAJ

İstanbulu başqa şəhərlərlə səhv salmaq mümkünsüzdür. Buranı “Minarələr şəhəri” adlandırıram. Addımbaşı məscidlər, sıx tikilmiş evlər arasından boylanan minarələr İstanbula başqa bir gözəllik qatır. Hələ məscidlərdən eyni anda səslənən azan səsini demirəm...

İstanbulun ən məşhur məscidlərinin tarixi çox qədim zamanlara dayanır. 

Buna misal olaraq Sultan Ahmet Məscidini (Göy Məscid) göstərmək olar. Məscid Osmanlı İmperiyası sultanı I Əhməd tərəfindən tikilib. 1609-1616-cı illər arasında inşa edilən tikili klassik türk sənətinin ən böyük nümunələrindəndir. Eyni zamanda da 6 minarə ilə inşa edilən ilk məsciddir. Məscidin memarı Memar Sedefkar Mehmet Ağa, Osmanlının məşhur memarı Memar Sinanın tələbəsidir.


Eyüp Sultan Məscidi 1458-ci ildə inşa edilib. Eyüp Sultan Məscidinin ilk tikintisi 1458-1459-cu illər arasında baş tutub. Daha sonra 1798-1800-cü illər arasında məscidin tikintisi tamamlanıb və indiki görkəmini alıb. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəthindən təxminən 5 il sonra Eyüp Sultan Məscidinin tikilməsinə qərar verilib. Eyüp Sultan Məscidinin yerləşdiyi ərazidə Eyüp Sultan türbəsinin olması məscidin bu adı almasına səbəb olub.

Osmanlı dövrünün ən əhəmiyyətli əsərlərindən biri sayılan Ortaköy Məscidi ilk dəfə 1853-cü ildə tikilib və ibadətə açılıb. Tikildiyi gündən bəri müxtəlif səbəblərdən ziyan görən bina davamlı olaraq bərpa edilib.

Osmani və ya Nuruosmani olaraq bilinən Nuruosmaniye Məscidi, öz adını daşıyan bölgədə yerləşir. Əvvəllər burada  Həsən Canzadə Şeyhülislam Hoca Sadəddin Əfəndinin həyat yoldaşı Fatma Hatun məscidi yerləşib. Daha sonra Sultan I Mahmud eyni yerdə indiki Nuruosmaniye Məscidini tikdirib. Məscidin memarı Mustafa Ağadır.


Teymur Məmmədov
Fotolar müəllifə aiddir