"Zaur Baxşəliyevin aparıcılıqdan uzaqlaşdırılması..." - ATV-dən AÇIQLAMA
    • 21-04-2021, 12:00
    • 394

"Zaur Baxşəliyevin aparıcılıqdan uzaqlaşdırılması..." - ATV-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "ATV" telekanalında nümayiş olunan "Bizimləsən" verilişinin yayımı dayandırılıb və sözügedən televiziya cərimələnib.

Məsələylə bağlı News24.az-a açıqlama verən teleradio kompaniyasının ıcraçı direktoru İsmayıl Həsənov bildirib ki, verilişin yayımı bir günlük dayandırılıb: "ATV" telekanalı Milli Televiziya və Radio Şurasının verdiyi qərara əməl edəcək. Bu gün həmin verilişin əvəzinə efirdəki qanun pozuntuları ilə bağlı məlumat yayımlanacaq. Qanuvericilik nəyi tələb edirsə, o da olacaq, cərimə ödəniləcək

İcraçı direktor onu da bildirib ki, kanal rəhbərliyi bu gün məlum məsələ ilə bağlı layihənin yaradıcı heyəti ilə iclas da keçirəcək: "Bir daha belə halların təkrarlanmaması üçün iclas keçiriləcək və müəyyən tapşırıqlar veriləcək".

Verilişin aparıcısı Zaur Baxşəliyevin aparıcılıqdan uzaqlaşdırılacağı haqda fikirlərlə bağlı isə İ. Həsənov belə cavab verib: "Xeyr, belə bir məsələ yoxdur. Layihənin aparıcısı uzaqlaşdırılmayacaq".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası iclas keçirib. İclasda 20 aprel 2021-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.