"Polis onları 24 saat nəzarət altında saxlayır" - ELŞAD HACIYEV
    • 29-04-2021, 17:37
    • 785

"Polis onları 24 saat nəzarət altında saxlayır" - ELŞAD HACIYEV

Son bir neçə aydır ki, ictimai yerlərdə - marketdə, aptekdə, nəqliyyatda, hətta xidmət sektorunda belə aşkarlanan aktiv koronavirus xəstələri haqda mediada xəbərlər yayılır. Onlardan bəziləri barəsində cinayət işi açılır, bir çoxu isə müalicə olunduğu ünvanlara qaytarılır. Bəs, COVID-19 xəstəsinin yaşadığı ünvanı tərk etməsi necə müəyyən edilir? 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev aktiv koronavirus xəstələrinin ünvanlarının 24 saat nəzarət altında saxlanıldığını deyib: "Laborator nəticələri müsbət çıxmış şəxslərlə bağlı müvafiq səhiyyə qurumundan polis orqanına daxil olan məlumatlar üzrə həmin ərazidə yaşayan koronavirus xəstəsi nəzarətə götürülür. Sutka ərzində onun fəaliyyəti, evdə olub-olmaması diqqətdə saxlanılır. Həmin şəxs yaşadığı evdə yəni, müalicə təyin olunduğu ünvanda olmadıqda, onun axtarışları aparılır. Tapılan aktiv koronavirus xəstəsinin müalicə olunduğu ünvana geri qaytarılması təmin edilir. Daha ağır xəstələr isə müvafiq xəstəxanalara yerləşdirilir. Bununla yanaşı, ictimai yerlərdə müvafiq yoxlama prosesində (vətəndaşın kimliyinin yoxlanılması) şəxsin koronavirus xəstəsi olduğu aşkarlanarsa, bu zaman onun barəsində qanunvericiliyə uyğun tədbir görülür”. 

E.Hacıyev bildirib ki, aktiv koronavirus xəstələri müalicə olunduğu ünvanları tərk etməməli, müəyyən olunan normalara ciddi əməl etməlidir: “Həmin şəxslər ictimai yerlərdə aşkarlanarsa, digər şəxslərin həyat və sağlamlıqlarına xəstəliklərin yayılmasına real təhlükə yaradırlarsa, onlar barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi açılır və barəsində araşdırmalar başlanmaqla istintaq aparılır. Düzdür, onlar çox zaman  müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışırlar. Əksəriyyəti  “xəstəliyim o qədər də ciddi deyi”, “koronavirus xəstəsi deyiləm”, “ev şəraitində müalicə olunmağımla bağlı mənə heç bir məlumat verilməyib”, “aptekə çıxmışam”, “evdə darıxıram” kimi əsassız bəhanələr gətirirlər. Təbii ki, səsləndirilən hər bir bəhanə müvafiq qaydada yoxlanılır”. 

Elşad Hacıyev aktiv koronavirus xəstələrinə nəzarət prosesinə də aydınlıq gətirib: “Nəinki telefonlar, bunun üçün zəruri olan bütün vasitələrdən istifadə edilir. Onların izlənilməsi ərazidə xidmətdə olan polis naryad qrupları, eləcə də sahə müvəkilləri tərəfindən aparılır, yaşayış yerini tərk edib-etməməsinə nəzarət həyata keçirilir. Həmçinin vaxtaşırı onların olduqları ünvana zənglər edilir”.