"Ənənəvi təhsilin bərpası doğru qərardır" - EKSPERT RƏYİ
    • 16-05-2021, 14:29
    • 495

"Ənənəvi təhsilin bərpası doğru qərardır" - EKSPERT RƏYİ

Sabahdan etibarən Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə ənənəvi tədris bərpa olunacaq. Uzun müddət onlayn təhsil alan şagirdlər yenidən məktəblərə üz tutacaqlar. Bəs, tədris ilinin sonuna 1 aydan az vaxt qalmış verilən bu qərar təhsilimizə necə təsir göstərəcək?

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Kamran Əsədov tədris prosesinin 21 günlük bərpasının vacib məqamlarına toxunub: “Bilirisiniz ki, 2021-ci tədris ili iyun ayının 14-ü başa çatacaq. 17 maydan etibarən isə bütün ölkə ərazisində yox, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə ənənəvi dərslər hibrid formada bərpa olunacaq. Digər ərazilərdə isə tədris ənənəvi qaydada davam edirdi. Qeyd etdiyim ərazilərdəki şagirdlər 21 gün məktəbə gedəcəklər. Bu da çox vacib idi. Ona görə ki, hazırda həmin ərazilərdə 900 minə yaxın şagird təhsil alır və onların heç də hamısı məsafədən dərslərdə iştirak edə bilmirlər. Yəni onların hamısının kompüteri, interneti, planşeti, telefonu yoxdur ki, onlayn dərslərdə iştirak etsinlər. Eyni zamanda bütün fənnlərin məsafədən keyfiyyətli tədrisini həyata keçirmək mümkün deyil. Ona görə də biz ənənəvi tədrisin bərpasını dəstəkləyirik. Amma ən vacib məqamlar nədir? Şagirdlərin ikinci yarımil və illik qiymətləndirməsi həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, elektron qiymətləndirmə zamanı çox zaman nəticələr obyektiv olmur. Şagirdlərə bu proses zamanı kənardan müdaxilələr edilir, valideynlər, ailə üzvləri kömək edirlər. Bu da biliyin şəffaf, obyektiv qiymətlədirilməsinə imkan vermir. Elə buna görə də bütün şagirdlərin bərabər imkanlar şəraitində qiymətləndirilməsi üçün ənənəvi təhsil bərpa edildi”.


K.Əsədov bildirib ki, bu qərar həm də növbəti ilə tədris komponentini formalaşdırmaq üçün zəruridir: “Bilirik ki, dövlət başçısı cənab İlham Əliyevin sərəncamına əsasən, 2004-cü ildən orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə dərsliklər pulsuz olaraq verilir və tədris ilinin sonunda həmin dərsliklər geri alınır. Bu ərazilərdə dərsliklərin yığımını rahat və vaxtında həyata keçirmək, növbəti ilinin tədris kompanentini formalaşdırmaq üçün dərsliklərin vaxtında yığılması lazımdır. Çünki bəzi dərsliklər korlanır, itir, istifadəyə yararsız olur. Bu da problem yaradır”. Təhsil eksperti tədrisin bu qısamüddətli bərpasının növbəti dərs ili üçün də vacib olduğunu qeyd edib: “Bir ildən artıqdır şagirdlər tam olaraq tədris prosesindən kənarda qalıblar. Onlar yeni dərs ilində təhsil ocağına uyğunlaşmaq üçün mütləq məktəbə getməlidirlər. Çünki şagirdlər üçün məktəb fərqli məkan, yad planetə dönüb. Məktəblə bağlı təsəvvürləri itib. Digər tərəfdən, dərslərin onlayn tədrisi zamanı şagirdlərdə görmə, onurğa sütünunun əyriliyi, çəki artımı, hərəkətsizlik, psixoloji problemlər yaranıb. Onlar bu müddətdə sinif yoldaşları ilə ünsiyyət quracaqlar. Eyni zamanda hərəkət edəcəklər. Bütün bu amillər üçün 17 maydan tədrisin yenidən bərpası düzgün qərardır”.

K.Əsədov şagirdlərin davamiyyət məsələsinə də münasibət bildirib: “Əlbəttdə ki, davamiyyət aşağı olacaq. Çünki valideynlər arasında virusdan qorxduqlarına görə, ərizə yazıb övladının tədrisini öz üzərinə götürənlər var. Ənənəvi tədrisdə iştirak könüllülük prinsipi ilədir. Davamiyyət o qədər də yüksək olacağını düşünmürük. Buna görə də, məkətəbə o şəxslər gedəcək ki, onların onlayn dərslərdən istifadə etmək üçün alətləri, repititor yanına getməyə imkanları yoxdur. Eyni zamanda bir daha qeyd edirəm ki, onlayn qaydada heç də bütün dərsləri keyfiyyətli tədris etmək mümkün deyil. 21 günlük tədris prosesində uşaqların bu günə qədər zəif mənimsədiyi dərslərə önəm veriləcək. Davamiyyətdə də tədrisə daha ciddi yanaşan, hər hansı mövzunu daha yaxşı öyrənmək istəyən şagirdlər iştirak edəcək. Bizim proqnozumuza görə, davamiyyətin 75-80 faizdən çox olacağı gözlənilir”.

Təhsil eksperti hazırda təmirə bağlanan məktəblərin şagirdlərinin tədris prosesinə necə qoşulacağına da aydınlıq gətirib: “Əgər bir məktəblə digər məktəb arasında məsafə 5 kilometrə qədərdirsə, o zaman həmin şagirdlərin dərsləri yaxın məktəbdə ikinci növbədə tədris ediləcək. Yox, əgər digər məktəbin məsafəsi və şagird sıxlığı buna icazə vermirsə, həmin məktəblərdə dərslər onlayn qaydada davam etdiriləcək. Hal-hazırda 4 məktəbdə bu cür problem var”.

K.Əsədov növbəti tədris ilinin Azərbaycanda ənənəvi qaydada təşkil olunacağını da deyib: “Artıq dünyanın bir çox ölkəsində, əsasən Amerika və İsraildə vaksinasiya prosesi yüz faiz başa çatdığı üçün məktəblər ənənəvi qaydada olacaq. Azərbaycanda da əhalinin böyük hissəsi vaksinasiyaya qoşulub. Artıq Azərbaycanın orta ümumtəhsil müəssislərində, ali məktəblərdə çalışanların 70 faizi peyvənd olunub. Yoluxma sayında azalmanı görürük. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə tədrisin sentyabr ayından istər ümumtəhsil müəssisələrində, istərsə də, universitetlərdə tam qaydada ənənəvi formada bərpa olunması gözlənilir”.


Millət vəkili Musa Qasımlı da ənənəvi təhsilin bərpasının doğru qərar olduğunu bildirib: “Pandemiya dünyanın bütün ölkələrində hər bir sahəyə olduğu kimi təhsilə də mənfi təsir etdi. Doğrudur, məsafədən təhsilə keçildi, ancaq ənənəvi, üzbəüz təhsil məsafədən təhsildən daha keyfiyyətlidir. Məsafədən təhsil heç bir zaman ənənənəvi təhsilin keyfiyyətini verə bilməz. Bizim ölkədə müvafiq qurumlar bu çətin vəziyyətdən çıxa bildilər. Amma çox sahələrdə çətinliklər var. Məsələn, tibb sahəsində və yaxud digər sahədə məsafədən təhsili necə keyfiyyətlə təşkil etmək olar?  Ona görə də, ənənəvi təhsilin tədris ilinin sonunda bərpa edilməsini müsbət qiymətləndirirəm. Amma həm təhsil alanlar, həm təhsil verənlər, həm də təhsil təşkilatçıları mütləq Operativ Qərargahın tövsiyələrinə riayət etməldirilər. Bu qaydalar gözlənilməlidir. Biz hamımız əl-ələ verib çalışmalıq ki, bu bəladan tezliklə çıxaq”

 Teymur MƏMMƏDOV