"Lazımsız yerlərdə maşın saxlamayın, əks halda..."- XƏBƏRDARLIQ
    • 31-05-2021, 21:40
    • 481

"Lazımsız yerlərdə maşın saxlamayın, əks halda..."- XƏBƏRDARLIQ

Məlum olduğu kimi, iyunun 4-dən 6-na kimi ölkəmizdə növbəti Formula 1 Azərbaycan Qran prisi keçirələcək. Baxmayaraq ki, yarışa hələ bir neçə gün qalıb, amma bu gündən şəhərin bəzi küçələrində məhdudiyyətlər, nəqliyyatın fəaliyyətinə maneələr qoyulub. Digər yollarda isə hərəkət düzgün nizamlanmadığından tıxaclar yaranıb. Nəticədə insanlar işə, uşaqlar isə məktəbə yubanıb. Bəs, görəsən, aididyyatı qurumlar bu problemin aradan qaldırılması üçün hansı tədbirləri görürlər? 

Bu haqda sualımızı ilk olaraq Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavabladı. Bildirdi ki, görülən işlər çərçivəsində Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə, Azadlıq prospektinin isə Zərifə Əliyeva küçəsi ilə kəsişməsində yollar iki zolaq daraldılıb. Eləcə də, Bakı - Salyan yolunun 14-cü kilometriliyindən Lökbatan dairəsinə hərəkət üçüncü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçməklə müəyyənləşib. 20-ci sahə, Bayıl qəsəbəsi, Bayraq meydanından hərəkət edən sürücülər isə Mikayıl Hüseynov, Xanlar küçəsindən keçməklə Parlament prospektinə çıxa bilərlər.

Həmçinin Yusif Səfərov küçəsi ilə kəsişən Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrində hərəkət yalnız sağa, Yusif Səfərov küçəsinə doğru müəyyənləşib. Eləcə də, bu istiqamətdən hərəkət edənlər "28 may" küçəsinə və ya Şövkət Səfərəliyeva küçəsi vasitəsilə Rəşid Behbudov küçəsi istiqamətinə doğru hərəkət edə bilərlər.

Bunlarla yanaşı, Səməd Vurğun küçəsinin Üzeyir Hacıbəyovla kəsişməsindən Füzuli küçəsinədək olan hissə də iki istiqamət üzrə müəyyənləşib.

Belə ki, Lermantov, Əhməd Cavad küçələri ilə avtomobillərin idarəsi əks istiqaməti üzrə həyata keçirilir. Lermantov - Şeyx Şamil küçəsinin kəsişməsindən Axundov parkı istiqamətinə, Əhməd Cavad küçəsi ilə Azərbaycan prospekti istiqamətində avtomobillər hərəkət edə bilir.

Vaqif Əsədovun sözlərinə görə, bu dəyişikliklərin hər biri sürücülərin maneəsiz, rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulub.

O, eyni zamanda yollarda yaran sıxlığın səbəbini də açıqlayıb: "Qeyd olunan bütün küçələrdə avtomobillərin lüzumsuz park edilməsi süni sıxlığın yaşanmasına səbəb olur. Məhz bu ərazi üzrə hərəkət edənlər ictimai nəqliyyat vasitələrinə üstünlük verməlidir. Məsələn, 28 may küçəsinin Səməd Vurğunla kəsişən hissəsində xidmət aparan və nizamlayıcı yol polisi əməkdaşının verdiyi işarə bu ərazidə işıqforun siqnalından və yaxud da qoyulmuş yol nişanlarının tələbindən aslı olmayaraq düzgün yerinə yetirilməlidir".

Vaqif Əsədov həmçinin də bu günlərdə taksi xidmətlərində yaranan süni qiymət artımından da danışıb: "Sərnişindaşıma ilə məşğul olan vətəndaşlara bir daha müraciət edirik ki, vəziyyətdən istifadə edib süni qiyməti artırmasınlar. Bu, narazılığa səbəb olacaq. Düşünürəm ki, aidiyyatı qurumlar bu istiqamətdə öz nəzarətini gücləndirəcək".

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Formula 1 Azərbaycan Qran Prisinə görə təqribi 23 müntəzəm marşrut xəttinin dəyişdiyini bildirib: "Nəqliyyat planına daxil olmayan küçə və prospektlərdə əgər yolların bağlanması, hərəkətin məhdudlaşdırılması zərurəti yaranarsa, agentlik tərəfindən aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcək".

Mais Ağayev onu da qeyd edib ki, gün ərzində ciddi yol nəqliyyat hadisəsi qeydə alınmayıb: "Ancaq səhər saatlarında Lökbatan dairəsindən üzü şəhər istiqamətinə doğru hərəkətdə müəyyən anlaşılmazlıqlar olub. Sözügedən problem BNA tərəfindən aradan qaldırılıb. "Bəhram Gür" heykəli istiqamətində avtobusların hərəkətinə icazə verildi".

Onu da qeyd edək ki, sürücülərə yarış günlərində mümkün qədər şəxsi avtomobillərdən istifadə etməmələri tövsiyə olunur.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov