Müştəri üzünə həsrət qalan “Mall”lardan FOTOREPORTAJ
    • 10-06-2021, 12:51
    • 453

Müştəri üzünə həsrət qalan “Mall”lardan FOTOREPORTAJ

Bu gündən etibarən iri ticarət mərkəzləri və "Mall"lar fəaliyyətini bərpa edib. Artıq iri ticarət mərkəzləri və "Mall"lara giriş sakinlərin üzünə açıqdır.

News24.az olaraq paytaxtdakı bəzi "Mall"ların fəaliyyətini müşahidə etmək qərarına gəldik.

Ancaq gözlədiyimizdən fərqli bir mənzərə ilə qarşılaşdıq. “Mall”larda insan izdihamından əsər-əlamət qalmayıb, ticarət mərkəzlərindən istifadə edənlərin sayı isə kəskin azalıb. 

“Park Bulvar” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı saytımıza açıqlamasında mövcud vəziyyəti və görülən tədbirləri izah edib:


“Uzun müddətdir ki, alış-veriş mərkəzləri bağlı idi. Bu isə insanların əhvali-ruhiyyəsinə mənfi təsir edirdi. Bu gündən etibarən alış-veriş mərkəzləri qapılarını müştərilərin üzünə açıb. Biz də bundan çox məmnunuq, sevincliyik. Alış-veriş mərkəzlərinin girişlərində hərarəti ölçən cihazlar quraşdırlıb. Dezinfeksiya məhlulları qoyulub. Bundan başqa, hər yarım saatdan bir daxili radio ilə anons səsləndirilir. Üçüncü mərtəbədəki restoranlarda yerləşən bütün masalarda 1,5-2 metr məsafə qoyulub. Maskasız halda heç kim içəri buraxılmır. Bütün əməkdaşlarımızın COVID-19 pasportları ilə bağlı məlumatlar toplanılıb. Pasportların hər kəsdə olacağı ana qədər məsələyə nəzarət edirik. Bundan əlavə, güclü havalandırma sistemlərimiz fəaliyyətdədir. Pandemiyanın qarşısının alınmasında havanın dəyişməsi ciddi rol oynayır”.

Qeyd edək ki, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

MÜXBİR: Məhərrəm Əliyev
FOTO: Fərid Şabanov