Azər Qəribdən Su İdmanı Sarayına irad:
    • 25-06-2021, 17:49
    • 494

Azər Qəribdən Su İdmanı Sarayına irad: "Öz pulumuzla xidmət üçün niyə minnət etməliyik?!"

"Çoxdandır belə əsəbləşməmişdim. Dünən nəvəmə söz verdim ki, sabah səni aparacam hovuza, üzərsən, günəş filan, belə də etdim. Səhər götürdüm onu evindən və getdik dövlətin hesabına tikilən Su idman sarayına. Maşını saxladıq, daxil olduq əraziyə və yaxınlaşdıq hovuzun girişinə ki, ödənişi edib keçək içəri. Lakin orada işləyən xanım dedi ki, burada ödəniş etmək olmaz, gərək gedəsiniz əsas korpusa, orada ödəniş edib qayıdasınız bura. Əvvəl elə bildim xanım zarafat edir, sonra təqvimə baxıb gördüm ki, aprelin 1-i deyil, xanım tam ciddidir".

News24.az
xəbər verir ki, bu sözləri tanınmış jurnalist Azər Qərib şəxsi "Facebook" səhifəsində yazıb. O, yazdığı statusda Su İdmanı sarayının fəaliyyətini sərt şəkildə tənqid edib: "Məlumat üçün deyim ki, açıq hovuzla əsas binanı 500 metr çıvarında məsafə ayırır, gölgə də yox, qızmar günəş altında getməlisən. Xahiş etdim ki, məni rəhbərlikdən kimləsə birləşdirsinlər, narazılığımı bildirim, adını çəkmək istəmədiyim bir xanım dəstəyi götürüb "padumaiş, böyük məsafə deyil ki, gəlib ödənişi edin" məzmununda cavab verdi və "biz 6 ildi belə işləyirik" dedi. 
Kondisionerın altında sərin otağda əyləşən xanımın cavabı. Əvvəla, yalan deyirsiniz, xanım, cəmisi bir ay bundan öncə ödəniş hovuzun yanında edilirdi və məhz buna görə mən arxayınlıqla buraya yaxınlaşdım. Xülasə, dəstəyi yerə atdım və getdim əsas binaya. Orada nömrə götürdüm 102, məndən əvvəlki 87 idi. Niyə? Çünki həmin növbədə bağlı hovuza gedənlər, müxtəlif seksiyalara yazılanlar, aylıq-illik abonement alanlar, digər məsələlərə görə də duranlar var idi. Yəni bir saat açıq hovuzda üzmək üçün ödəniş məndə bir o qədər də vaxt aparacağdı. Nəticədə nə? Suyumuz süzülə-süzülə qayıtdıq evə, nəvəm pərt, mən dilxor.

Müştəri məmlunluğu istənilən biznesdə çox önəmlidir, bunu anlamayan həmin biznesdə çalışmalı deyil. Müştəri narazı da ola bilər, əsəbi də ola bilər, etirazını da bildirə bilər, amma müştəri ilə işləyən personalın buna ixtiyarı yoxdur. Biri həmin o rəhbər xanıma anlatsın ki, onun maaşı biz müştərilərin pulundan formalaşır. Konflikt situasiyalarda vəziyyəti düzəltmək lazımdır, müştəri ilə mübahisə etmək, onunla "sam durak" yanaşması ilə davranmaq olmaz və özünə hörmət edən obyektdə belə hallar olmamalıdır. 

21 əsr, İlon Mask kosmosla məzələnir, biz öz pulumuza adi bir xidməti əldə etmək üçün minnət götürə-götürə baş bükməliyik. Bu nə yanaşmadır? Dünya onlayn xidmətlərə keçir, biz hələ də qəbz gəzdiririk cibimizdə. Pulu alırlar, amma müştərinin həyatını yüngüləşdirmək əvəzinə ona yeni-yeni əziyyətlər verməyə çalışırlar. Həqiqətən də çoxdandır belə əsəbləşməmişdim. Nəvəmin yanında yalançı çıxdım..."

Yazılan tənqdidlərlə bağlı Su İdmanı Sarayının mətbuat katibi Elnarə Əliyeva News24.az-a açıqlamasında bildirib ki, sözügedən əməkdaş "podumaiş" sözünü deməyib: "Bizim məlumat mərkəzimizdə kifayət qədər peşəkar işçilər çalışır və onların hər bir addımına, dediyi sözə nəzarət olunur. Ona görə də təbii ki, "podumaiş" sözü deyilə bilməzdi. Kompleksin qeydiyyat şöbəsi də onun daxilində yerləşir. Azər müəllim açıqlıq olan tərəfə gedib və orda qeydiyyat axtarıb. Amma deyim ki, bizdə açıq hava qeydiyyat şöbəsi yoxdur. Sözügedən şöbə ancaq pandemiya dönəmində fəaliyyət göstərib. Daxili kompleks işləməməsi səbəbi ilə məcbur açıq hava qeydiyyat şöbəsi fəaliyyət göstərirdi. Azər müəllim bizim daimi qonaqlarımızdan biridir və o çox gözəl bilir ki, 6 il ərzində qeydiyyat hər zaman kompleksin daxilində olub. Onu da deyim ki, qeydiyyat şöbəsi ilə açıq hovuzların arasında cəmi bir maşınlıq yol var. Ola bilsin ki, Azər müəllim düzgün yolla dönməyib. Həmin gün də qızmar günəş var idi, mən bunları çox gözəl başa düşürəm.  Azər müəllimin növbə gözləmə məsələsinə gəlincə, bunu kompüter sistemi müəyyənləşdirir. Həmin günlərdə də kifayət qədər çox adam gəlmişdi. Bu cür növbə hər yerdə yarana bilər, amma burda saatlarla gözləməyə ehtiyac yoxdur. Növbə çox tez şəkildə gedir. Qeydiyyatsa 2-3 dəqiqə vaxt aparır".