"Bu, mənim onsuz keçən ilk Sevgililər Günümdür" - ŞƏHİD XANIMI
    • 30-06-2021, 18:26
    • 1 909

"Bu, mənim onsuz keçən ilk Sevgililər Günümdür" - ŞƏHİD XANIMI

Hər kişinin öləndən sonra
Qəbri üstdə ağlayası
Bir qara paltarlı gözəl qadına ümidi var...

Ramiz Rövşən
 
Mərhum şəhid polkovnik-leytenantımız Ruslan Tağıyev onu nahaqdan seçməyibmiş. Zamanında könül verdiyi Günayın yarım qalan arzularını, birgə qurduqları, amma həyata keçirə bilmədikləri xəyallarını gerçəkləşdirəcəyini öncədən hiss edibmiş. Məhz bu üzdən də canının üç parçasını ona əmanət edib haqq savaşına könül rahatlığı ilə gedib. Bilib ki, Şəhidlik Zirvəsinə aparan bu yolda gözü arxada qalmayacaq. Çünki onu bu savaşa xatirəsini əziz tutacaq Vətəni, bir də adını ömürlük qəlbinə həkk edən ömür-gün yoldaşı uğurlayıb. O ömür-gün yoldaşı ki, bu gün 44 günlük Vətən müharibəsinin 39-cü günündə Laçın uğrunda gedən gərgin döyüşlər zamanı canını torpaqlarımıza qurban verən həyat yoldaşı haqda fəxrlə, qürurla, sevgi ilə danışır. 

News24.az-ın "Şəhid xanımı" rubrikasının hər sualını həyat yoldaşının adına, ruhuna yaraşan tərzdə ləyaqətlə cavablayır.
                       
                           
 
"O, mənim mükafatım idi"
 
Günay Tağıyeva: "Allah Şəhidliyi seçdiyi insanlara nəsib edib. Yəni onlar Allahın mükafatlandırdığı insanlardır. Düşünürəm, biz də, o dəyərli, o yüksək məqama  layiq olan insanların ailəsi olmaqla mükafatlandırılmışıq. Fəxr edirik ki, onlar bizim ailələrimizdir. Hər biri ilə qürur duyuruq.
Ruslanla 17 il birgə addımlamışıq. Onunla tanış olanda, hələ kursant idi. Tanışlığımızın 22-ci günündə Ruslan ilk rütbəsini aldı. Yəni onun hər bir uğurunun şahidiyəm. Ruslan çox vətənpərvər, elinə, yurduna bağlı insan idi.
 
"Xaricdə doktoranturaya qəbul olunan ilk hərbçilərdən biri..."
 
II Vətən Müharibəsindən qabaq, hələ aprel döyüşlərində iştirak etməyə çox can atdı. Dəfələrlə tərkidlə komandirinə bildirirdi ki, getmək istəyirəm. Komandiri icazə vermədi, dedi, ehtiyac olsa, səni göndərəcəyik. Sonra Tovuz hadisələri oldu. Onda da yenə israrla getməyə çalışdı. O hadisələr başlayanda biz rayonda məzuniyyətdəydik. Ruslan birbaşa ordan komandirinə zəng elədi, məzuniyyətinin ləğvini xahiş elədi. Elə alındı ki, məzuniyyəti ləğv olunana qədər döyüşlər dayandı və getməsinə ehtiyac qalmadı. O hadisələr zamanı Ruslandakı o coşqunu, Vətənə bağlılığını, sevgisini daha aydın gördüm. Bir də bu sevginin gücünü 2019-cu ildə Ruslan təhsilinin artırılması üçün Çinə göndəriləndə gördüm. Orada təkmilləşdirilmə kurslarında onlarla birgə iki erməni zabiti də təhsil alırdı. Aralarında nə söhbət olmuşdu, bilmirəm, amma Ruslan ordan dönəndən sonra torpaqların işğaldan azad olunması üçün çox can atırdı. Döyüş əmrini səbirsizliklə gözləyirdi. Çindən qayıdanda deyirdi ki, ermənilər  lovğalanıb  deyirdilər ki, "bunlar xarici ölkələrə dərs oxumağa gəlir, biz isə torpaqlarında kef çəkirik”. Bu sözlər ona çox toxunmuşdu. Sonra da sentyabrın 29-da təhsili ilə əlaqədar Türkiyəyə getməli idi. O və bir neçə zabitimiz Azərbaycan Ordusunun yarandığı gündən bu yana xaricdə doktoranturaya qəbul olunan ilk hərbçilər idi. Amma imtina etdi. Əvəzinə döyüşə getdi". 


"Təhsildən imtina edib müharibəyə getdi"
 
Şəhidimizin həyat yoldaşı deyir ki, Ruslanın simasında nə qədər zəhm var idisə də, ürəyi bir o qədər yumuşaq idi: "Çox ciddi xasiyyəti vardı. Amma ailəsinə, mənə münasibətdə çox ürəyiyumşaq, mehriban idi. Hər təltifinin sevincini ilk olaraq mənimlə bölüşürdü. Hətta çox zaman “bu, bizim birliyimizin uğurudur.  Bu medallar bizim ikimizindir" deyirdi. Ölümündən sonra da 4 medalla təltif olindu...Düşünürəm, müharibə dövründə də ona dəstək ola bilmişəm. O, canından olan üç canı mənə əmanət qoyub rahat döyüşübsə, göz qırpmadan ölümə gedibsə, demək, mən də ona dəstək ola bilmişəm. 
 
"Əsgərlərin sevimli komandiri"
 
... İmkan olan kimi vaxtını bizimlə keçirirdi. Evdə oturmağa qoymazdı, imkan düşən kimi bizi gəzdirməyə aparırdı. Ruslan tək bizə, balalarına yox, əsgərlərinə münasibətdə də belə mehriban idi. Onun şəhid xəbəri bizə çatmamış qapımızda nə qədər əsgəri toplaşmışdı, böyük bir izdiham var idi. Bu an mən bir daha onunla fəxr elədim. Demək, sevilən komandir olub ki, hər bölgədən bu qədər əsgər onunla vidalaşmağa gəlmişdi. Hətta sizi inandırım ki, Ruslanın şəhid xəbəri gələndə ciddi karantin rejimi qüvvədə idi, gediş-gəlişə bir o qədər də icazə yox idi, amma buna baxmayaraq, bir gecənin içində Naxçıvandan özünü onunla vidalaşmaqğa çatdıran neçə-neçə əsgərimiz var idi. Şəhid olan zabitlərimizin əksəriyyətini tanıyırdım. Ruslan müharibə dövründə mənə ancaq onların şəhid olması ilə bağlı xəbəri bölüşmək üçün zəng vururdu. Onların şəhid olması Ruslana o qədər əzab verirdi ki... Çarəsini mənimlə paylaşmaqda görürdü. Hər şəhid xəbərindən sonra deyirdi ki, “Günay, bu itkilər məni yandırıb-tökür. Mütləq onların qisasını alacağam". 
 
"Burda elə əsgərim var ki, balası bizim Nurayımızdan da balacadır"
 
"Mən Nuray yaşda olanda atamı itirmişəm. Həmişə Ruslana deyirdim ki, özünü qoru, Nuray mənim kimi atasız böyüməsin. Atdığın bütün addımlarda onu fikirləş. Müharibədə olanda bu sözlərimi bir daha Ruslana xatırlatdım. Amma elə cavab verdi ki...  Dedi, “Günay, burda elə əsgərlərimiz var, balaları Nurayımızdan da balacadır, hətta dünyaya gələcək övladlarının yolunu gözləyənlər var. Mən heç kimdən artıq deyiləm. Nuray məni evdə gözləyir deyə, özümü onlardan ayıra bilmərəm. (ağlayır) Həmin söhbətdən sonra ona bir daha “Özünü qoru” demədim. Yalnız “Səni Allah səni qorusun” deyə bildim". 


"Sonuncu danışığımızda anladım ki, Ruslan bir də qayıtmayacaq..."
 
Ruslanla sonuncu danışığımız noyabrın biri oldu. Həmin gün Müdafiə Nazirliyinin idarəsinin iki hərbçisi şəhadətə qovuşdu. Biri Ruslan, digəri onun otaq yoldaşı Taleh adlı mayor. Talehin şəhid xəbərindən sonra Ruslan mənə zəng eləyib titrək səslə onun şəhid olma xəbərini verdi. Səsində elə qəhər var idi ki...  Onu sözlə anlada bilmərəm. Mən o danışığımızda anladım ki, Ruslan geri qayıtmayacaq. Ona dedim ki, sənin səsin dəyişib. Qayıtdı ki, bu, Allahın möcüzəsidir ki, mən indi zəng edib səninlə sağollaşıram. Ondan sonra əlaqəmiz kəsildi. 3 gün sonra onun Şəhid olması xəbəri gəldi. 
 
Mən üç övladımla fəxr edirəm. Böyük oğlumun 12, kiçik oğlumun 9, qızım isə 4 yaşı var. İki azyaşlı oğullarımın atalarının nəşini çiynində daşıdılar. Bu uşaq üçün çox çətin və ağır travmadır. Amma buna baxmayaraq onlar Şəhid övladı olduqlarını dərk elədilər və bununla qürur duydular. Nurayımsa hələ atasının öldüyünü tam dərk eləmir. Bu yaxınlarda Ruslanın bizə göndərdiyi səsli mesajları dinləyirdim. Elə bilirdim Nuray yatıb, amma sən demə, oyaq imiş. Mesajların birində atası ona "Söz verirəm Qarabağı alıb, sənin yanına gələcəm" demişdi. Bunu eşidəndən kimi tez yerindən durub qardaşının yanına qaçdı, dedi ki,  "ataya orda kimsə telefon verib, mənə mesaj göndərib ki, gələcək". 
 
"Hədiyyə almağa macal tapmadı, hərbi hissənin həyətindən qızılgül dərib gətirdi"
 
"Heç bir əlamətdar günü qaçırmazdı. Hətta elə olurdu ki, işdən çox gec çıxanda, hədiyyə almağa macal tapmayanda hərbi hissənin həyətindən bir dənə balaca qızılgül qoparıb cibinə qoyub mənə gətirərdi. O bu dərəcədə diqqətli insan idi. Yaşadığımız bu illərdə həmişə onu itirməkdən qorxmuşam. Onun qayğısını, diqqətini, sevgisini, mehribanlığını itirməkdən çox qorxmuşam. 


 "Ruslansız ilk Sevgililər günüm"
 
Bu, mənim onsuz keçən ilk Sevgililər Günüm olacaq. (ağlayır) Bu gün o mənim yox, mən onun yanına gedəcəm. Nə qədər ki, gücüm, nəfəsim var, ömrümün sonuna qədər onun yanına gedəcəm. Ona söz vermişdim ki, səni heç vaxt tək qoymayacağam. Düşünürəm ki, əsl sevgini, sevdiyini itirmənin nə olduğunu bu müharibə bizə göstərdi. Gənclərimiz bunu bu il daha yaxşı başa düşdülər".

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov, Hüseyn Həsənov