"Süleyman qardaşım, gözün arxada qalmasın” - Ruhi Əliyeva - FOTO - VİDEO
    • 10-02-2021, 19:02
    • 864

"Süleyman qardaşım, gözün arxada qalmasın” - Ruhi Əliyeva - FOTO - VİDEO

Vətəni sevmək azdır, onu qoruman gərək. 
Vətənim demək azdır, Vətənin olmaq gərək... 

Təpədən-dırnağa Vətənin olmaq, onun torpağına, suyuna qarışmaq hər kəsə nəsib olmur. Bu qürur, bu şərəf yalnız onun bütövlüyü, bölünməzliyi, qüdrəti üçün canı-qanı ilə şəhadət gətirənlərin payına düşür. Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həyatını itirən şəhid qardaşımız Süleyman Bağırov kimi. Amma onların bizə qoyub getdiyi əmanət, yadigar yalnız torpağına qarışdıqları Vətən yox, həm də əzizləri, sevdikləri, ailələridir.

Bu üzdən də onları Şəhidlərin özü qədər sevmək, dəyər vermək, qorumaq hər birimizin mənəvi borcudur. Çünki hər doğulan Şəhid balasının qanında o qəhrəmanımızın böyük Vətən sevgisi yaşayır. Şəhid Süleyman Bağırovun yenicə dünyaya gələn körpəsi Nilufər kimi. O, atasının ilk göz ağrısıydı. Dünyaya gəlişini böyük intizarla gözləyirdi. Amma təəssüf ki, doğulduğunu görmək nəsibi olmadı. Özü olmasa da, həmin gün körpəsini Süleyman Bağırovun xatirəsini əziz tutanlar, onun ruhu qarşısında özünü borclu bilənlər qarşıladılar. 

Hər zaman şəhid və qazi ailələrinə dəstək verən xeyriyyəçi xanım Ruhi Əliyeva dünyaya gələcək körpənin zəruri ehtiyaclarını əvvəlcədən qarşıladı. Şəhidin həyat yoldaşı Mehriban xanımın balaca Nilufərlə bağlı heç bir çətinliyi olmaması üçün əlindən gələni elədi. Körpə dünyaya gəldiyi anda da şəhidimizin xanımını yalnız qoymadı: “Bu gün həm sevincli, həm də kədərliyik. Bütün qəlbimiz, ürəyimizlə şəhidimizin xanımına dəstəyik. Düzdür, balaca Nilufərə atasını heç kim əvəz edə bilməz. Əziz şəhid qardaşımızı geri qaytara bilmərik. Amma onun yadigarının mənəvi hamisi ola bilərik. Ona görə də deyirəm ki, ruhun şad olsun, Süleyman qardaşım, gözün arxada qalmasın. Mən nə qədər canımda can var, hər zaman Nilufər balanın yanında olacağam”. 

Şəhid xanımının  keysəriyyə əməliyyatını isə tanınmış ginekoloq, İlahə Quliyeva həyata keçirib: “Bu, həyatımın ən məsuliyyətli əməliyyatı, məsləyimin ən şərəfli görəvidir. Onu böyük sevgi və məsuliyyətlə həyata keçirdim”.

Biz də qəhrəman Şəhidimizin övladına – körpə Nilufərə uzun, sağlam ömür, atasının adına layiq övlad, onun kimi Vətən sevdalısı olmağı diləyirik.