FHN Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirdi
    • 17-07-2021, 14:00
    • 442

FHN Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Tərtər rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, seminar-müşavirədə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, FHN DYNX-nin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru daxili xidmət mayoru Sadiq Bəbişov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini daxili xidmət mayoru Vüqar Nəcəfov, rayon Polis şöbəsinin, Elektrik Təchizatı və Satışı İdarəsinin məsul vəzifəli nümayəndələri, habelə bələdiyyə sədrləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.