"Gənc Liderlər üçün Yay Universiteti"nin ikinci günü başa çatdı
    • 11-08-2021, 18:00
    • 433

"Gənc Liderlər üçün Yay Universiteti"nin ikinci günü başa çatdı

"Davam" Gənclər Hərəkatının "Gənc Liderlər üçün Yay Universiteti" çərçivəsində "Gənc Liderlərin Gəncə Zirvəsi" adlı forum baş tutub. Gəncə Heydər Əliyev Mərkəzində keçirilən forumdan əvvəl ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə tər güllər düzülüb.

News24.az xəbər verir ki, daha sonra iştirakçılar 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf alan raket hücumları nəticəsində Gəncənin dağıntılara məruz qalan ərazisində olublar. Ziyarət zamanı terror aktı nəticəsində həyatını itirənlərin xatirəsi yad edilib, əraziyə tər qərənfillər düzülüb. Sonra isə forum öz fəaliyyətinə başlayıb.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Vüqar İskəndərov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. Forum natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.

"Yay Universiteti"ndə günün ikinci yarısı millət vəkili Vüqar İskəndərov "Gənclər siyasəti: məqsəd və prinsiplər", "CinemaPlus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə "Gənc liderlər üçün marketinq və menecment vərdişləri" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Gənclər ikinci günü komandalar arası əyləncəli oyunlar oynayaraq başa vurub. 

Qeyd edək ki, "Gənc Liderlər üçün Yay Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatı təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.