"16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir"- Umayra Tağıyeva
    • 16-08-2021, 17:59
    • 523

"16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir"- Umayra Tağıyeva

"Azərbaycanda baş verən müasir iqlim dəyişmələri fonunda iqlimin istiləşməsi ilə bağlı yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayı və davamiyyətinin xeyli artması müşahidə edilir".

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, 1991-2020-ci illərdə iyun-avqust aylarında havanın maksimal temperaturu 1960-1990-cı illərlə müqayisədə havanın maksimal temperaturu 35 dərəcə və daha çox olan günlərin ümumi sayı Bakıda 4,3 dəfə, Şəkidə isə 3,1 dəfə artıb:

"İsti günlərin sayında artım daha çox iyun və avqust aylarında müşahidə edilib. Bu ilin iyul ayında havanın orta aylıq temperaturu normadan 2,5 dərəcəyədək yüksək olsa da, rekord istilər deyil".

U.Tağıyevanın sözlərinə görə, avqust ayında isə isti hava dalğasının davamiyyəti ötən illərlə müqayisədə daha çoxdur:

"Havanın orta aylıq temperaturu normadan 5 dərəcə yüksəkdir. Artıq 16 gündür ki, havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cü ildə qeydə alınıb. Yeri gəlmişkən, bu həftənin sonunadək hava şəraitində mühüm dəyişiklik gözlənilmir".

Qeyd edək ki, ABŞ-ın Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin (NOAA) məlumatına görə, 2021-ci ilin iyul ayı hava ilə bağlı müşahidələr aparılandan bəri ən isti ay olub. Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi temperaturu 20 -ci əsrin orta temperaturundan 1,67 dərəcə yüksək olub. İdarə 1880-ci ildən bəri meteomüşahidələr aparır. /Report/