“103” xidmətinin əməkdaşı: “Artıq evlərdən TESTLƏR GÖTÜRÜLMÜR” – Nazirlik məsələyə MÜNASİBƏT BİLDİRDİ
    • 30-08-2021, 11:45
    • 464

“103” xidmətinin əməkdaşı: “Artıq evlərdən TESTLƏR GÖTÜRÜLMÜR” – Nazirlik məsələyə MÜNASİBƏT BİLDİRDİ

Pandemiyanın tüğyan etdiyi bu ərəfədə saytımıza Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlə bağlı maraqlı şikayət daxil olub. Belə ki, vətəndaş özündə koronovirusun əlamətlərini hiss etdiyini, bədən hərarətinin 38-dən yuxarı olduğunu əsas gətirərək yaxma nümunəsi vermək istədiyi üçün “103” xidmətinə müraciət etdiyini bildirib. Ancaq “103” xidmətinin əməkdaşı belə bir öhdəliklərinin olmadığını bildirib: “Təcili Yardım test götürmür, xanım. Test üçün sabah poliklinikaya müraciət edin. Sizə kim deyib ki, Təcili Tibbi Yardım test götürür? Artıq bir neçə gündür yaxma testləri götürülmür. Bu iş poliklinikalara verilib, onlar testlər götürürlər. Gedin kimə şikayət edirsiniz, edin”. 

News24.az olaraq məsələni araşdırmaq qərarına gəldik.

Səhiyyə Nazirliyinin Mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablayıb: “Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.

Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələr təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür”.