“Kosobokov ermənilərə jest EDƏ BİLƏR, AMMA...” - ŞƏRH
    • 9-09-2021, 14:42
    • 762

“Kosobokov ermənilərə jest EDƏ BİLƏR, AMMA...” - ŞƏRH

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub. O, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib. Bu gün yeni komandan Ermənistana səfər edib. M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Təyinatın ardından sosial şəbəkələrdə insanlar bu suallar ətrafında qərarı müzakirə etməyə başladı: Görəsən, sülhməramlıların yeni komandanı Qarabağda eyni ssenarini davam etdirəcəkmi? Hadisələrin gedişində dəyişikliklər ola bilərmi?

Politoloq Şahin Cəfərli məsələni News24.az-a şərh edib.

O bildirib ki, bu dəyişiklik gözlənilirdi: “Çünki Rüstəm Muradovun səlahiyyət müddəti 6 ay üçün nəzərdə tutulmuşdu. Lakin sərhəddə gərginlik başlayandan sonra Rusiya onun səlahiyyət müddətini qeyri-müəyyən vaxta qədər uzatdı”. 

Politoloq vurğulayıb ki, verilən missiyaların icrasında komandanların şəxsiyyətlərinin çox da önəmi yoxdur: “Çünki onlar yuxarı distansiyalardan gələn əmr və təlimatları icra edirlər. Sülhməramlıların komandanına Moskvadan hansı əmr və təlimat verilsə, ona uyğun da hərəkət edəcək. Ancaq müəyyən məqamlarda komandanın kimliyi rol oynaya bilər. Məsələn, yeni komandanın erməni xalqına simpatiyası ola bilər. Bu zaman o, erməni xalqına rəsmi siyasətdən fərqlənən bəzi xırda jestlər edə bilər. Ancaq bu, Rusiyanın siyasətindən fərqlənən radikal dəyişiklik ola bilməz”. 

Ş.Cəfərli yeni komandanın ermənilərlə münasibətinin yaxşı olmasına işarə edən nümunə deyib: “Bunu da qeyd edək ki, yeni komandan Abxaziyada fəaliyyət göstərib. 2 il müddətinə Abxaziyadakı Rusiyanın 7-ci hərbi bazasına rəhbərlik edib. Hüquqi baxımdan yanaşsaq, Rusiyanın Abxaziyadakı hərbi bazası işğalçı qüvvədir. Çünki Rusiya qanunsuz formada Abxaziyanı Gürcüstandan qoparıb və orada oyuncaq rejim yaradıb. Abxaziyada müəyyən qədər erməni əhalisinin mövcudluğunu da bilirik. Kosobokov isə orada yerli əhali ilə sıx formada yaşayıb. Bu baxımdan müəyyən şübhələr meydana çıxır”.     

Siyasət şöbəsi