-
- 10-09-2021, 12:26
- 380
Əks göstəriş sertifikatı almaq istəyənlərə bu səbəbdən neqativ cavab verilir
"Bugün peyvəndi vurdurmağa qarşı əks göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun xəstəliklər, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görədir".
News24.az xəbər verir ki, bunu Əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyanın üzvü Sevinc Məmmədova deyib.
O, əks göstərişlərə hansı hallarda neqativ cavab gəlməsi məsələsinə də toxunub: "Neqativ cavablar 3 cür olur. Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər. Amma əgər kimdəsə qıcolma tutmaları olmur, yəni xəstəliyin remissiya dövründədir, onda əlbəttə ki o insanlara, bütün dünyada olduğu kimi, bizdə də “Sinovac” vaksinini vurmaq olar.
İkinci neqativ cavabımız mütəxəssis rəyi olmadığı zaman verilir. Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı onkoloji xəstədir və hal-hazırda vəziyyəti stabildir, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdur. Bu insanlar üçün o arayış əks göstəriş deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar. Peyvənd istehsalatçının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndləməlidir və sonra immunsupresiv kimyaterapiyasını davam etməlidir. Bu zaman onlara müvəqqəti əks göstəriş verilir, yəni sənəddə qeyd olunur ki, immunsupresiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vura bilər.
Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni, qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur".
Komissiya üzvü eyni zamanda bəzi vətəndaşların cavablarının gecikməsi ilə bağlı iddialarına da münasibət bildirib: "Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur. Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır".