-
- 10-08-2021, 18:24
- 649
"Əks göstəriş sertifikatı"nı kimlər ala biləcək? - POLİKLİNİKADAN REPORTAJ - FOTOLAR
Ötən gündən etibarən Azərbaycanda səhhəti "COVİD-19 vaksini vurdurmağa imkan verməyənlərə “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılıb.
Qeyd edək ki, "Əks göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Müraciət edənlərin bu sertifikatı əldə etməsi haqda qərarı Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya müəyyənləşdirir.
Maraqlıdır, bəs, bu proses necə həyata keçirilir? Yaxud bu sertifikatı alan kəslər hansı müayinələrdən keçirilir?
Bu mövzudakı suallarımızı 2 saylı şəhər poliklinikasının şöbə müdiri Gülxar Tağıyeva cavabladı.
News24.az-a açıqlama verən həkim dünəndən etibarən həddindən artıq çoxlu müraciətlərin daxil olduğunu bildirib: "Dünəndən bəri “Əks göstəriş sertifikatı”nı əldə etmək istəyənlərin ardı-arası kəsilmir. Müraciət edənlərin əksəriyyəti allergiyalı xəstələrdir. Biz öncə bütün xəstələri sahə həkiminə yönəldirik. Sənədləşmə aparılandan sonra materiallar komissiyaya göndərilir və daha sonra bu haqda qərar verilir. Əgər müraciət edən şəxsin xəstəliyi kəskin fazadadırsa, yaxud həmin şəxs onkoloji müalicə alırsa, o zaman həmin sertifikatı ala biləcəyinə qərar verilir. Qeyd edim ki, bu komissiya həftədə 1, yaxud 2 dəfə toplanır. Sertifikatın verilməsi isə 28 gün ərzində ikimərhələli şəkildə həyata keçirilir".
G. Tağıyevanın sözlərinə görə, ötən gün təqribən 80 nəfər poliklinikaya müraciət edib: "Bu gün gələnlər dünənkindən daha çoxdur. Bizə müraciət edən heç bir xəstəyə rədd cavabı vermirik. Amma elə xəstələr var ki, deyir, "allergiyam var", amma araşdıranda görürük ki, onların xəstəliyi xroniki deyil. Ya da deyirlər ki, hazırda aritmiyam (ürək problemi) var. Biz onları sakitləşdirib evə yola salırıq. Və dərmanlarını qəbul etməyi tövsiyə edirik. Təkrar müayinədə eyni hal yaşanmadığı təqdirdə, onlara peyvənd vurulmasına heç bir problem olmadığını izah edirik".
"Əks göstəriş sertifikatını"n konkret hansı xəstəliyi olanlara şamil edilməsinə gəlincə, G.Tağıyeva bunları bildirib: "Allergiya, onkoloji, qan, ürək xəstəlikləri, eləcə də, kəskin bronxial astmadan əziyyət çəkənlərə, hamilə qadınlara, süd verən analara sertifikat veriləcək".
Şöbə müdiri onu da vurğulayıb ki, yeni ailə həyatı quranlara da peyvənd tövsiyə olunmur: "Belə cütlüklərə müvəqəti sertifikat veriləcək. Onlar komisiyaya yeni evləndikləri barədə sənəd təqdim etməlidir. Yalnız bundan sonra onlara da xüsusi sertifikat veriləcək".
FOTO: Teymur Məmmədov