Şəhid ailələri və Tehran Mənsimov “Zəfər” xalçasına görə bir arada - FOTOLAR
    • 6-11-2021, 13:35
    • 640

Şəhid ailələri və Tehran Mənsimov “Zəfər” xalçasına görə bir arada - FOTOLAR

Noyabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Burada “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı baş tutub.

News24.az xəbər verir ki, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq, muzeyin hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də informasiya cəbhəsində durmadan mübarizə apardığını bildirib: “Məhz həmin günlərdə muzeyimiz Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib etdi. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verildi. Şanlı ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyandı. Qələbədən sonra bu xəritə əsasında Qarabağın müxtəlif şəhər və rayonlarına aid xalçalardan fraqmentlərin, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışların, ornamentlərin yer aldığı “Zəfər” xalçası ilmələrə köçürüldü”.

O, “Zəfər” xalçası ideyasının, eskizin hazırlanmasının və toxunmasının Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirildiyini deyib və bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi olan hər bir əməkdaşa minnətdarlığını bildirib. 

Şirin xanım bayram tədbirində Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” qobeleni haqqında da danışıb.  3 hissədən ibarət əsərin mərkəzi hissəsində Qarabağın sənət beşiyi olan Şuşanın işğaldan öncəki təsvirinin, heyrətamiz görüntüsünün, bir tərəfində onun azadlığı uğrunda aparılan döyüşlərin, od-alovun, digər tərəfində isə qələbədən sonrakı aydın səmalı, firavan, azad Şuşanın, onun ruhunun geri dönüşünün öz əksini tapdığını bildirib.

 “Azərxalça” ASC-nin sədri Emin Məmmədov çıxışında “Azərxalça” ASC-nin Vətən müharibəsində qazanılmış qələbə mövzusunda “Zəfər” kolleksiyası müsabiqəsi keçirdiyini vurğulayıb. Müsabiqə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində təlimlərin keçirildiyini də bildirib. E.Məmmədov bu cür layihələrin xalçaçılıq sənətinin inkişafında, qorunub saxlanılmasında, eləcə də gənclərin bu sahəyə marağının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Əməkdar rəssam, Azərbaycan Milli Xalça Muzeyinin baş rəssamı Taryer Bəşirov “Zəfər” xalçasının kompozisiyası barədə ətraflı məlumat verib. O, bildirib ki, xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub. Həmçinin bu unikal sənət nümunəsində dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışlar yer alıb. 

O, xalçanın muzeyin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunduğunu söyləyib.

Əməkdar rəssam Adil Şıxəliyev çıxışında təqdim olunan müəllifi olduğu “Şuşa” qobelenində öz hisslərini, qələbə duyğularını ifadə etdiyini vurğulayıb. 

Sonra qonaqların, o cümlədən Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, əsgər və zabitlərin iştirakı ilə qələbəmizin rəmzi olan “Zəfər” xalçasının qədim ənənələrə uyğun şəkildə dəzgahdan kəsimi həyata keçirilib.  

Tədbirdə iştirak edən II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin övladları üçün muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kölgə teatrı janrında hazırladığı “Fitnə” tamaşası nümayiş olunub.