Bərdədə 2 saylı məktəbdə istilik yoxdur? – Direktor “var” deyir, valideyn “yox”
    • 9-12-2021, 17:32
    • 434

Bərdədə 2 saylı məktəbdə istilik yoxdur? – Direktor “var” deyir, valideyn “yox”

Nizami Gəncəvi adına 2 saylı Bərdə şəhər tam orta məktəblə bağlı şikayət var.
Məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni News24.az-a müraciət edərək siniflərdə istilik sisteminin işləmədiyini, otaqlarının soyuq olduğunu bildirib.

Şikayətçi qeyd edib ki, məktəb yeni inşa edilib, amma bəzi inşa işləri tam yekunlaşmayıb: “Divarların arasında boşluqlar qalıb və ordan sinif otaqlarına soyuq hava gəlir. Uşaqlar üşüyürlər. Ona görə də xəstələnirlər, dərsə getmək istəmirlər. Bununla bağlı dəfələrlə direktora müraciət etmişik, amma nəticəsi olmayıb”.

Valideynin şikayəti ilə bağlı məktəbin direktoru Zülfüqar Əsədovla əlaqə saxladıq. O, məktəbə bir həftədir istilik verildiyini bildirib: Bizim məktəbdə iki korpus var. Əsasən yeni korpusda istilik yox idi. Noyabrın 15-dən korpusun istilik sistemi istifadəyə verilməli idi. Amma sistemdə problem yarandığı üçün biz onu təmin edə bilmədik. Təmir müddəti təxminən 15 gün çəkdi. Həmin vaxtlar havalar da soyuq keçdi və haqlı olaraq da valideynlər vəziyyətdən şikayətçi oldular. Amma hazırda məsələ həllini tapıb. Qaz çəkilişi ləngidiyinə görə, istiliyi quru yanacaq hesabına veririk".