"Putinin Qazaxıstanla bağlı "öz evimiz" ifadəsini işlətməsi..." -ŞƏRH
    • 10-01-2022, 17:05
    • 444

"Putinin Qazaxıstanla bağlı "öz evimiz" ifadəsini işlətməsi..." -ŞƏRH

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar iclası mənə Varşava Müqaviləsi Təşkilatının siyasi məsləhət şurasının toplantısını xatırlatdı və özümü soyuq müharibə dövründə hiss etdim. KTMT-nin iclasına da məhz bu kontekstdən yanaşıram”. 

Bunu News24.az-a politoloq Elçin Mirzəbəyli deyib. O,  qeyd edib ki, toplantıda yer alan bütün çıxışların ana xəttini KTMT-nin Qazaxıstana müdaxiləsini əsaslandırmaq niyyəti təşkil edirdi: “Cünki KTMT-nin hərbi qüvvələrinin Qazaxıstana “dəvət edilməsi” prosesində həm bu ölkənin Konstitusiyasının tələbləri, həm KTMT-nin Nizamnaməsi, həm də BMT-nin Nizamnaməsi də daxil olmaqla bir sıra beynəlxalq konvensiyaların tələbləri kobud şəkildə pozulub. Prezident Tokayev səlahiyyət çərçivəsini aşaraq, ölkə parlamenti ilə müvafiq məsləhətləşçələr aparmadan təşkilatın hərbi kontingentini ölkəyə “çağırıb”. Çıxışlardan hiss olunurdu ki, bütün güc nümayişi cəhdlərinə baxmayaraq, KTMT qüvvələrinin beynəlxalq səviyyədə işğalçı kimi qəbul edilməsi üzv dövlətlərin rəhbərlərini, ilk növbədə Rusiyanı və Dmitri Peskovla Mariya Zaxarovanın vəzifələrini öz üzərinə görümüş Aleksandr Lukaşenkonu ciddi narahat edir".

Politoloq qeyd edib ki, Lukaşenko öz çıxışında Qazaxıstanda təbii qazın çox olduğuna və qoymağa “yer olmadığına” da xüsusi diqqət çəkdi: "Görünür, Qazaxıstana müdaxilənin qarşılığında “müftə təbii qaz” qoxusunu alıb. Belarus Prezidentini Özbəkistanı da terror təhlükəsinin gözlədiyi ilə bağlı fikirləri isə, qənaətimə görə, rəsmi Daşkəndin KTMT-yə, yumşaq ifadə etsək, “dəvət olunması” kimi qiymətləndirilə bilər. Hesab edirəm ki,  Lukaşenkonun KTMT-nin gücləndirilməsi, sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı fikirlərini də bu “dəvət”lə əlaqələndirmək doğru olar”. 

Politoloq onu da qeyd edib ki, iclasda diqqət çəkən məqamlardan biri də Rusiya prezidentinin vəziyyətə tam nəzarət etdiklərini diqqətə çatdırmaq cəhdi idi: “Putin öz çıxışında bəyan etdi ki, “KTMT xətti ilə götürdüyümüz ölçülər açıq şəkildə göstərir ki, biz öz evimizdə vəziyyətin körüklənməsinə və rəngli inqilablar ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyik”. Bu fikirlərin “rəngli inqilab” ssenarisi ilə hakimiyyətə gətirilən Nikol Paşinyanın sədrliyi ilə keçirilən toplantıda ifadə olunmasını tarixin ən böyük ironiyası kimi də qəbul etmək olar. Bütövlükdə isə iclas deklorativ xarakter daşıyırdı. KTMT-yə üzv dövlətlərin liderləri bu toplantı vasitəsilə və ifadə etdikləri mülahizələrlə Qazaxıstana hərbi müdaxiləyə haqq qazadırmağa çalışırdılar və hiss olunurdi ki, müdaxilənin işğal kimi qəbul edilməsi və bu yanaşma tərəfdarlarının sayının getdikcə artması onları ciddi şəkildə əndişələndirir”.