“Ermənilərin pulu ilə maliyyələşən Delyagin müqəvvası” – Fazil Mustafadan rus deputata CAVAB
    • 29-03-2022, 15:21
    • 1 736

“Ermənilərin pulu ilə maliyyələşən Delyagin müqəvvası” – Fazil Mustafadan rus deputata CAVAB

Martın 27-də Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyagin “Rossiya 1” telekanalındakı "60 dəqiqə" (“60 minut”) proqramında çıxış edərkən təxribat törədib. Deputat müstəqil siyasət yürüdən və suverenliyini qoruyan keçmiş sovet respublikalarına qarşı bütün normaları aşan, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək çıxış edib. Bu ölkələrdən biri də Azərbaycan olub. O bildirib ki, Azərbaycan Qarabağda atəşkəsi pozub, irəliləyib və yeni mövqelərindən geri çəkilmir. Delyagin Azərbaycanı Türkiyənin əlaltısı da adlandırıb: “Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq. Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür”, - deyə Dumanın üzvü bildirib. 

Kremlin mətbuat katibi Dmitri Peskov deputatın fikrinə münasibət bildirib: “Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı açıqlaması Moskvanın xəttinə uyğun deyil”. O, Delyaqini emosiyalarına hakim olmağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməməyə çağırıb. “Bu, şəxsi emosiyalar müstəvisində olan bəyanatdır. Biz, bu emosiyaları cilovlamağa və xüsusən də tərəfdaşlarımıza münasibətdə belə bəyanatlardan çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - Peskov deyib.


News24.az məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.

O bildirib ki, Dövlət Dumasının üzvü ciddi şəkildə ədəbsizliyə yol verib: “Xalqı aşağılamaq, aqressiv davranışa çağırış etmək Rusiya-Azərbaycan münasibətlərinin indiki durumuna ziyan vuran bir addımdır. Rəsmi Rusiyanın mövqeyində bu addımın təqdir olunduğunu, ya da olunacağını düşünmürəm. Çox güman ki, Azərbaycan Xarici İşlər Nazirliyinin də bu istiqamətdə mövqeyi olacaq. Milli Məclisin müvafiq dostluq və işçi qruplarının üzvlərinin adından da məsələyə münasibət bildiriləcək. Ümid edirəm ki, bu, sadəcə bir nəfərin sərsəmləməsi kimi anlaşılacaq. Ermənistanın pulu ilə maliyyələşən bu kimi müqəvvalar münasibətləri ermənilərin marağına uyğun pozmağa cəhd edirlər. Ukraynada müharibə aparan Rusiyanın özünə yeni düşmən qazanmaq cəhdlərinin özlərinə nə qədər ziyan vurduğunu anlayacaqlar. Biz məsələyə təmkinli yanaşmalıyıq. Diplomatik yollarla cavab verməliyik”. 

Siyasət şöbəsi