Adil Əliyev və deputatlar şəhid ailələri və qazilərlə iftar süfrəsində görüşüblər - FOTO
    • 15-04-2022, 10:58
    • 297

Adil Əliyev və deputatlar şəhid ailələri və qazilərlə iftar süfrəsində görüşüblər - FOTO

Milli Məclisin sədr müavini Adil Əliyev və deputatlar şəhid ailələri və qazilərlə iftar süfrəsində görüşüblər.

News24.az xəbər verir ki, Milli Məclisin sədr  müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Jalə Əhmədova, Vüqar Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə “Mənəvi Dünya” İctimai Birliyinin şəhid ailələri və qazilər üçün təşkil etdiyi iftar süfrəsində görüşüblər.

Tədbirdə şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplantıda çıxış edən vitse-spiker Adil Əliyev iştirakçıları salamlayaraq, müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin qəhrəmanlarımızın Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, 44 gün davam edən haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı həmişəlik işğaldan azad etməklə bizə möhtəşəm Qələbəni bəxş etdiyini diqqətə çatdırıb. Adil Əliyev bildirib ki, qazanılmış tarixi Qələbə ölkəmizin gücünü dünyaya göstərdi, Vətəninə, dövlətinə bağlı olan, xalqını hər şeydən artıq sevən igidlərin Vətən uğrunda şəhid olmağa hazır olduğunu sübut etdi. 

Vitse spiker diqqətə çatdırıb ki, ölkəmizdə şəhid ailələri, qazilər hər zaman Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Dövlətimiz şəhid ailələrini və qaziləri düşündürən məsələlərin dərhal həlli üçün bütün imkanlarını səfərbər etmişdir. 

Tədbirdə çıxış edən “Mənəvi Dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı alim Hacı Şahin Həsənli şəhidlik zirvəsinin ucalığından danışıb, İslam dinində şəhidlərin xüsusi məqamının olduğunu qeyd edib. O, şəhidlərimizin Vətənin hər qarışını öz canlarından, qanlarından dəyərli hesab edərək tərəddüd etmədən şəhadətə ucalmalarının əsl qəhrəmanlıq nümunəsi olduğunu bildirib.

Sonra tədbir bədii hissəylə davam etdirilib və iştirakçılara vətənpərvərlik mövzusuna həsr edilmiş “Səngərdə azan” filmi nümayiş etdirilib.