Polis Qubada liseyin şagirdləri ilə görüş keçirdi - FOTO
    • 16-04-2022, 12:08
    • 289

Polis Qubada liseyin şagirdləri ilə görüş keçirdi - FOTO

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumaya görə, tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndəsi, liseyin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, ötən il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.