DOST Agentliyi və DSMF  mütərəqqi təcrübələrə görə mükafatlandırıldı
    • 7-05-2022, 16:49
    • 218

DOST Agentliyi və DSMF mütərəqqi təcrübələrə görə mükafatlandırıldı

Bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 4 beynəlxalq mükafatla təltif olunub.

News24.az xəbər verir ki, BSTA tərəfindən bu mükafatlar Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı əsasında, Avropa üzrə ən yaxşı, mütərəqqi təcrübələrə görə verilib.

DOST Agentliyinin təqdim etdiyi üç layihə  - “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələrinin hər biri beynəlxalq mükafata layiq görülüb.

Həmçinin Dövlət Sosial Müdafiə Fondu son illər sosial təminat sahəsində icra proseslərinin keyfiyyət və çevikliyinin artırılması, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlər şəbəkəsinin qurulması, fəaliyyətin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçid üzərində qurulması üçün aparılan islahatlara görə BSTA-nın mükafatını qazanıb.
 
Qeyd olunan 4 nüfuzlu beynəlxalq mükafat BSTA-nın Tallində (Estoniya) keçirilən Avropa Sosial Təminat Forumunda təqdim edilib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılan,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST Agentliyi 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. 

Bu ilin ötən dövründə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatına və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına, habelə DSMF “iESE – The Public Sector Transformation” Təşkilatının (Böyük Britaniya) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatlarına da layiq görülüblər.