Rəsmi Bakı istəyinə nail olacaq? -  Brüssel görüşünün PƏRDƏARXASI - ŞƏRH
    • 24-05-2022, 12:14
    • 570

Rəsmi Bakı istəyinə nail olacaq? - Brüssel görüşünün PƏRDƏARXASI - ŞƏRH

“Brüssel platforması Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında və iki tərəf arasındakı problemlərin həllində önəmli məkanlardan biridir. Müharibədən sonra ilk dəfə olaraq Azərbaycan və Ermənistan liderləri arasında Brüssel platformasında görüş baş tutdu. Artıq tərəflər arasında məsələlərə baxış bucağının formalaşmasının şahidi olduq”. 

Bu fikirləri News24.az-a açıqlamasında Brüssel görüşünün nəticələrini şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, istənilən halda hansısa eyforiyaya qapılmamalıyıq, regiondakı proseslər yadımızdan çıxmamalıdır: “Nikol Paşinyanın regionun konfiqurasiyasından bir qədər uzaqda olan platformada Azərbaycan lideri ilə görüşü və fikir mübadiləsi Ermənistanın indiki siyasi, hərbi konfiqurasiyasından çıxması üçün önəmlidir. Buna görə də Paşinyan hakimiyyətinin devrilməməsi bizim üçün önəmlidir. Əks halda revanşistlərin, onların arxasında olan qüvvələrin 90-cı illərdə olduğu kimi öz amnistiyalarını həyata keçirmək cəhdlərinə şahid ola bilərik. Brüssel görüşündə bütün proseslər Azərbaycanın lehinə idi. Bu kontekstdə ilk dəfə olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanın istifadə etdiyi “Qarabağdakı yerli əhali”, “Qarabağdakı erməni əhalisi” ifadələrindən istifadə etməsi olduqca əhəmiyyətli idi. Erməni mediası da Şarl Mişelin qondarma ifadələri istifadə etməməsini əsas tutaraq, Paşinyanı ciddi şəkildə tənqid edib. Hesab edirəm ki, bu, böyük bir nailiyyətdir. Paşinyan da anlayır ki, Qarabağdakı ermənilərlə bağlı mədəni hüquqlar kimi mövzular hardasa dialoqda yer tapa bilər. Ancaq heç bir siyasi statusdan söhbət gedə bilməz. Əslində, Nikol Paşinyan aprelin əvvəlində parlamentdəki çıxışı zamanı bunu etiraf edib.  O, qeyd edib ki, beynəlxalq aləmdən ciddi təzyiqlər var, Qarabağ ermənilərinin təhlükəsizliyi mövzusuna baxmaq olar. Mişelin də bəyanatı bu məsələnin təhlükəsizlik və hüquq çərçivəsində dəyərləndirildiyinin bariz nümunəsidir. 


İkinci məsələ delimitasiya və demarkasiya işçi qrupunun sərhəddəki görüşü ilə bağlıdır. İşçi qrupun görüşü ilə bağlı bir neçə təkliflər var idi. Ancaq Paşinyan imtina etmişdi. Bu dəfə o görüşü qəbul edib. Bu məsələ Ermənistan hökuməti üçün çox vacib olmalıdır. Delimitasiya və demarkasiyanın olmaması Ermənistanın özünə zərərdir. Düzdür, təxribatlar üçün yaxşı zəmin yaranır. Ancaq Azərbaycan Ordusunun istənilən təxribata adekvat cavab verib, bayrağımızı istədiyi yerdən asa biləcəyini Paşinyan yaxşı düşünməlidir. Burada çox önəmli nüans var. Təkcə Avropa İttifaqı bu məsələdə yetərli olmaya bilər. Çünki sərhədlərin xəritələri Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındadır. 

Üçüncü məsələ kommunikasiya və nəqliyyatla bağlıdır. Sevindirici haldır ki, kommunikasiya və nəqliyyatla bağlı texniki detallar müzakirə edilib. Bu, təkcə yollarla bağlı deyil. Eyni zamanda, gömrüyün olub-olmaması, gömrüyün nədən ibarət olması, sərhəd-nəzarət buraxılış məntəqələrində torpaq pulu, giriş və çıxış kimi məsələlərin necə həll ediləcəyi ilə bağlı danışıqlar aparılacaq. Bu da olduqca vacibdir. Zənnimcə, Zəngəzur dəhlizi və Laçın koridoru müzakirə predmeti ola bilər. Bu məsələdə də rəsmi Bakının istəyinə nail olacacağını düşünürəm. 

Beləliklə, Brüssel görüşü uğurlu oldu. Ancaq bu uğurun davam etdirilməsi üçün Ermənistan hakimiyyətinin sözlərinə və əməllərinə sadiq olması çox önəmlidir. Əgər onlar bu şərtlərə sadiq olmazsa, yaxşı başa düşürlər ki, “dəmir yumruq” işlək vəziyyətdədir”. 

Siyasət şöbəsi