Xızıda şirkət mühafizəçisi bu səbəbdən öldürülüb – TƏFƏRRÜAT
    • 15-06-2022, 17:29
    • 595

Xızıda şirkət mühafizəçisi bu səbəbdən öldürülüb – TƏFƏRRÜAT

Ötən ilin noyabrında Xızı rayonunda mühafizəçinin qətli ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu Dağ Yaşma kəndində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı tərəfindən öldürülməsi faktı ilə bağlı açılmış işin araşdırılması zamanı qətldən əvvəl onların dalaşması üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə açlmış işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baxılıb. 

Məhkəmədə Şəhriyar iş yoldaşı ilə daha əvvəl işə gecikmə və mühafizəçi otağının səliqəsiz halda olmasına görə dalaşdığını deyib. Belə ki, bu səbəbdən Sərxan onu iş yoldaşlarının yanında yumruqla vurub və həmin şəxslərə “adamı belə vururlar” deyərək gülüb. Bundan sonra Şəhriyar qisas almaq məqsədilə bıçaq götürərək geri qayıdıb və Sərxana ağır xəsarətlər yetirib. 23 yaşlı Sərxan Mirzəbabayev aldığı xəsarətlərdən vəfat edib. Şəhriyar Sərxana ümumilikdə 9 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Qeyd edək ki, hadisə həmin gün səhər saatlarında quşçuluq şirkətinin mühafizəçiləri növbəni təhvil-təslim edərkən baş verib.

Hadisədən sonra Şəhriyar Salahlı yaşadığı evə gedərək ailə üzləri ilə vidalaşıb. Bu zaman polis əməkdaşları onu saxlayıblar.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Salahlı 13 il müddətinə həbs cəzasına məhkum edilib.

Şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.