Kəlbəcərdə rəsədxana tikiləcək - FOTOLAR
    • 23-06-2022, 17:55
    • 394

Kəlbəcərdə rəsədxana tikiləcək - FOTOLAR

“Qarabağda astronomik stansiya qurulması barədə layihə vermişik. Lakin hələ işğaldan azad olan ərazilərdə infrastruktur olmadığı üçün bu işi həyata keçirə bilmirik. Nazirlər Kabinetinə də bununla bağlı müraciət etdik. Onlar da təklifimizi bəyənib. İnfrastruktur qurlandan sonra Şamaxı Astrofizika Rəsədxanası Qarabağ ərazisinə köçürüləcək. Yeni rəsədxana üçün Kəlbəcər ərazisini nəzərdə tuturuq. Burada  3 min metrdən yüksək olan 3 nöqtə var. Yeni rəsədxana üçün bu üç yüksəklik arasından seçim ediləcək”. 

Bunu News24.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının rəhbərinin müavini Nəriman İsmayılov deyib.

Nəriman İsmayılov bildirib ki, süni işıqların artması  dəqiq astronomik müşahidələr aparmağa imkan vermir: “ Rəsədxanaya yaxın ərazilərdə restoranların tikilməsi, yollarda yeni işıqların quraşdırlması, ümumiyyətlə süni işıqların artması və avadanlıqlarımızın da köhnə olması işimizə çox mane olur. Bizim əvvəl görə bildiyimiz, lakin indi görməkdə çətinlik çəkdiyimiz 2-3 ulduz ölçüsü itib. Artıq 10 dəfə zəif olan ulduzları görə bilmirik. Buna görə də, artıq burada çox dəqiq astronomik müşahidələr aparmaq demək olar ki, mümkün deyil. Rəsədxananın yaxınlığında otelin açılması isə işimizə tamamilə mane olacaq. Rəsədxana təzə yarananda Nazirlər Kabineti qərar vermişdi ki, rəsədxanaya yaxınlıqda- 5 km radiusda heç nə tikilməməlidir.  Ancaq indi o qərara da əməl edən yoxdur. Bu da rəsədxananın köçürülməsi məsələsini bir daha göz önünə gətirir”.

Sədr müavini Rəsədxanada çalışmaq üçün onlara olunan müraciətlərdən də danışıb. O, əsasən qızların müraciət etdiyini deyib: “ Rəsədxanada işləmək üçün əsasən qızlar müraciət edir. Düşünürəm ki, maaş az olduğu üçün oğlanlar daha gəlirli işlərə üz tutur”.