Açıq havada, dəniz kənarında ROK FESTİVAL
    • 14-07-2022, 19:16
    • 945

Açıq havada, dəniz kənarında ROK FESTİVAL

Azərbaycanda ilk dəfə açıq havada, dəniz kənarında rok-festival keçiriləcək. 

News24.az-a verilən məlumata görə, İyulun 30-da, saat 19:00-da başlayacaq festivalın adı əfsanəvi rok qrupu "Yuxu"nun dillər əzbəri olan "Xəzərin sahilində" mahnısından götürülüb.

Şıxov çimərliyində, "Eldorado"da baş tutacaq festivalda "Dədə-baba" qrupu, "Coda", "The Passion", son zamanlar "Sən oldun"la populyarlaşan "Aynaband", "Gr3y band", "Glass band" iştirak edəcək.

Bundan əlavə iştirakçılar arasında Həbib Mirzə, son günlərin parlayan rokçusu Joseph Abbas, son mahnısı hər kəs tərəfindən sevilən Mirələm Musazadə, "Səs Azərbaycan" iştirakçıları Namiq Faradj və Royal Musa  da yer alacaq.

Festivala rəng qatmaq, gənc rok ifaçılarına dəstəklərini göstərmək üçün mərhum İbrahim Eminin təsis etdiyi "Sirr" qrupu, Rasim Müzəffərli, Qara Dərviş və bir neçə məşhur sima da konsertdə qonaq kimi iştirak edəcək.

Eyni zamanda Azərbaycanın ilk rok qruplarından olan "Experiment OK", "Ozan", "Çarli ATL" və başqa bir neçə Azərbaycan rokunun tanınmış üzvləri "Xəzərin sahilində"ki rokfestdə yer alacaq.

Konsertdə iştirak etmək və illərdir ki, kölgədə qalan Azərbaycan rokuna dəstəyini göstərmək istəyənlər biletləri "mall"lardan və onlayn şəkildə "iticket.az" saytından əldə edə bilərlər.